Xətai rayonunda ağacəkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda da davamlı xarakter alıb.
Məlumdur ki, 2017-ci il martın 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinə start verilib. Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.
Xətai rayonunda da ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun daim diqqət mərkəzindədir. Keçirilən silsilə tədbirlər çərçivəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 01.04.2017-ci il tarixdə növbəti belə ağacəkmə kampaniyası keçirilib.
Paytaxtın ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən kampaniyada Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkili Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə və təşkilatları, könüllülər, fəal gənclər, ümumilikdə 2000-dən çox insan iştirak edib. Yüksək fəallıq və xoş əhval-ruhiyyə ilə keçən iməcilikdə ərazilər məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlar sulanıb, 1000 ədəddən çox alma, armud, gavalı, ərik, gilas, qoz, nar, xurma, badam, fındıq, heyva ağacları əkilib.