Xətai rayonunda 58 saylı məktəbdə xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilmişdir
04 aprel 2017-ci il tarixdə Xətai rayonunundakı 58 saylı tam orta məktəbdə görkəmli xalq şairi, dramaturq Nəriman Həsənzadə ilə görüş keçirilmişdir.
Tədbirdə şairin yaradıcılıq yolundan, fəaliyyətindən söz açılmış, xatirələri dinlənilmişdir. Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdüri Pənah İmanov tədbirdə çıxış edərək bildirmişdir ki, belə tədbirlərin keçirilməsi həm şagirdlərin, həm də pedaqoji kollektivin həyatında önəmli yer tutur. Şagirdlərin belə tanınmış şəxsiyyətlərlə canlı ünsiyyətləri, görüşləri onların yaddaşında müsbət iz buraxır və təhsildə irəliləmələrinə, dünyagörüşlərinin formalaşmasına kömək edir.
Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində işləyən şair Nəriman Həsənzadə tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırmış, Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışmış, keşməkeşli həyat yolundan və yaradıcılığından söhbət açmışdır.
Görüş ədəbi-bədii hissə ilə davam etdirilmişdir.