APREL ŞƏHİDİ XALİQ HƏSƏN OĞLU ƏZİZZADƏNİN İL MƏRASİMİ KEÇİRİLDİ
Mərasimdə ötən ilin aprel ayında ordumuzun əldə etdiyi uğurlardan, işğal altında qalan ərazilərimizin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə azad olunacağından danışılıb, Vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxunub.
Şəhid Xaliq Əzizzadənin atası Həsən Qasımov başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycan dövlətinə, Müdafiə Nazirliyinə, rayon İcra Hakimiyyətinə, eləcə də bütün mərasim iştirakçılarına, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, 1996-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan Xaliq Əzizzadə 2015-ci ildə Xətai rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Öz yaşıdları arasında hər zaman bacarığı və vətənpərvərliyi ilə seçilib. Xətai rayonundakı 116 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Cəbhənin Tərtər-Goranboy istiqamətində aprelin 4-dən 5-nə keçən gecə erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Hərbi Xidmətdə Fərqlənməyə görə” III dərəcə medalı ilə təltif olunub.
ALLAH bütün şəhidlərimizə rəhmət eləsin!