Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 6 Aprel - Ümumdünya Fiziki Aktivlik Günü münasibətilə “Gənclərin sağlamlıq festivalı” adlı tədbir keçirildi

07 aprel 2017 | 11:00

Xətai Rayon İcra Hakimiyyətinin, İdman və Gənclər, Səhiyyə nazirliklərinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və “İnkişaf naminə idman” İctimai Birliyinin təşkilatçılığı ilə 6 Aprel- Beynəlxalq Fiziki Aktivlik  Günü çərçivəsində “Gənclərin sağlamlıq festivalı” adlı tədbir keçirilmişdir. Rayondakı Heydər Əliyev adına parkda təşkil edilən tədbir qonaqların və festival təşkilatçılarının Ulu Öndərin burada ucaldılan abidəsinin ziyarəti ilə başladı.

Tədbirin rəsmi hissəsini açan  Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bu idman bayramı haqqında məlumat verərək bildirdi ki,  2013-cü il avqustun 23-də BMT-nin Baş Assambleyasında yekdilliklə qəbul edilmiş qətnamədə rəsmi adı “İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü” olan bu bayramın aprelin 6-da bütün dünya ölkələrində qeyd edilməsi tövsiyə olunmuşdur. J.Abdıyeva onu da qeyd etdi ki, geniş yayılmasına, populyarlığına və pozitiv xarakterinə görə idman bütün dünyada inkişafın və sülhün təmin olunmasında ideal vasitələrdən biridir. İdman hər bir xalqın gələcəyi olan gənclərin sağlam böyüməsində və Vətənə ləyaqətlə xidmət etməsində çox böyük rol oynayır.  Möhtərəm Prezidentimiz İlham Əliyev idmanın ölkədə, bütün dünyada inkişafın və sülhün təmin edilməsində artan rolunu yüksək qiymətləndirir və onun respublikamızda kütləviləşməsinə son dərəcə böyük diqqət verir. Çünki idman insanlar arasında dözümlülük və qarşılıqlı hörmətin bərqərar olmasına, qadınların və gənclərin, ayrı-ayrı şəxslərin və icmaların hüquq və imkanlarının genişlənməsinə, eləcə də səhiyyə, təhsil və sosial inteqrasiya sahələrində qarşıya qoyulan məqsədlərin əldə edilməsinə yardım edir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev  nahaq demir: “Azərbaycan idman dövlətidir. Bunu dünyanın bütün idman ictimaiyyəti bilir, qəbul edir. Azərbaycanda idman, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycan cəmiyyətində önəmli bir ictimai amilə çevirib.”

“Hərəkətdəsənsə aktivsən”, “Tütündən azad həyat” devizi altında keçirilən festivalda idman və gənclər nazirinin müavini İntiqam Babayev, Milli Məclisin idman və gənclər komitəsinin sədri Fuad Muradov və digər rəsmi qonaqlar da çıxış edərək bildirdilər ki, Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində diqqət və qayğının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Bunun isə əsas məramı ondan ibarət olmuşdur ki, azərbaycanlı yeniyetmələr, gənclər sağlam böyüsünlər. Sağlam gənclik isə sağlam gələcək deməkdir.

Natiqlər çıxışlarında Prezident İlham Əliyevin idman sahəsində dövlət siyasətin necə uğurla davam etdirilməsindən söz açaraq bildirdilər ki,   ölkəmizdə dövlət başçısının birbaşa iştirakı ilə onlarla möhtəşəm idman qurğusu, olimpiya idman kompleksləri tikilmiş, son onillikdə Azərbaycan bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi etmişdir. İndi bütün dünya Azərbaycan, həm də bir idman ölkəsi kimi tanıyır. Azərbaycanda keçirilmiş I Avropa Oyunları, Ümümdünya Şahmat Olimpiadası, futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatı, “Formula-1” Avropa Qran-Prisi, dünya və Avropa çempionatları və digər beynəlxalq turnirlər müasir tələblər baxımından yüksək səviyyədə təşkil edilmişdir. Məhz buna görə beynəlxalq idman qurumlarının Azərbaycana olan etimadı daha da artmışdır. Bu  günlərdə isə ölkəmizdə Prezident İlham Əliyevin iştirakı ilə daha möhtəşəm bir idman yarışının –IV İslam Həmrəyliyi Oyunlarının rəmzi açılış mərasimi olmuşdur. Bu oyunlar başa çatandan dərhal sonra möhtəşəm paytaxtımız Bakı ikinci dəfə Formula-1 beynəlxalq  yarışların həyəcanını yaşayacaq.

Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş tədbirin rəsmi hissəsi başa çatandan sonra məktəblilər arasında estafet yarışlarına start verildi.  Sonda bu idman bayramında iştirak edən bütün məktəblilərə sertifikatlar verildi, yarışların qalibləri kubok, diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

 

Keçidlər