Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Xətai rayon təşkilatının XI hesabat seçki yığıncağı keçirildi

12 aprel 2017 | 11:00

Yeni Azərbaycan Partiyasının Xətai rayon  təşkilatının XI hesabat seçki yığıncağı partiyanın qurucusu və yaradıcısı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı. Yığıncaq iştirakçıları və qonaqlar Ulu Öndərin Heydər Parkındakı abidəsi önünə tər çiçək dəstələri qoyub xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun təşkilatın X konfransından sonrakı dövr ərzində fəaliyyəti və görülən işlər barədə hesabat məruzəsi dinlənildi. Natiq qeyd etdi ki,  qurucusu ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası artıq  24 ildir ki, ölkəmizin siyasi palitrasında milli siyasi iradəni ləyaqətlə təmsil edən avanqard siyasi qüvvə  olaraq  xalqımızın mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir.  Bu yola nəzər salanda aydın görünür ki, YAP müstəqilliyimizin ilk illərində olduğu kimi bu gün də Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi taleyində müstəsna rol oynamaqdadır. Məhz hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının və onun qətiyyətli lideri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqla sarsılmaz birliyi ötən illərdə Azərbaycanın inanılmaz intibah yolu keçməsinə, qısa bir dövrdə inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə imkan yaratmışdır.
H.Mirələmov partiyanın rayon təşkilatının  fəaliyyətindən məlumat verərək bildirdi ki, 1993-cü ildən fəaliyyət göstərən YAP Xətai rayon təşkilatı ötən 24 ildə böyk inkişaf yolu keçmiş, öz sıralarını daim genişləndirmiş, partiyamızın proqram və prinsiplərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirmişdir.
    1993-cü il fevral ayının 13-də təsis konfransını keçirən YAP Xətai rayon təşkilatı həmin dövrdə 25 ərazi üzrə ilk partiya təşkilatında 500 nəfər YAP üzvünü birləşdirirdisə, bu gün sıralarımızda 143 ərazi ilk partiya təşkilatında 16 min 62 partiya üzvü birləşir. 2013-cü ildə keçirilən  X konfransdan ötən müddət ərzində təşkilatda 1094 nəfər YAP sıralarına qəbul edilmişdir.  Bunlardan  404 nəfəri gənc,  508 nəfəri  qadındır. Umumilikdə partiya üzvlərinin 3710 nəfərini gənclər, 7990 nəfərini isə qadınlar təşkil edir.
Sədrin və nəzarət-təftiş qrupunun geniş hesabatları dinləniləndən sonra məruzə ətrafında çıxışlar başladı. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvləri Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli, təşkilatın gənclər birliyinin sədri Sərxan Əliyev və başqaları çıxış edərək bildirdilər ki, ötən 5 ildə YAP Xətai rayon təşkilatı həqiqətən böyük inkişaf yolu keçmiş və sıralarını xeyli genişləndirmişdir. Yeni Azərbaycan Partiyası  və onun sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində rayon təşkilatının gördüyü işlər deməyə əsas verir ki, onların fəaliyyəti qənaətbəxş olmuşdur.
Sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək  bildirdi ki, bu gün Azərbaycan cəmiyyətinin həlledici qisminin inam və etimadına güvənən, ölkənin aydın sabahı naminə əzmlə çalışan Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyev başda olmaqla öz missiyasını şərəflə davam etdirir. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli idealları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır. Natiq çıxışının sonunda vurğuladı ki, Yeni Azərbaycan Partiyasının ən böyük təşkilatlarından olan bizim Xətai rayon təşkilatı tarixə qovuşan son beş ildə ümummilli lider Heydər Əliyevin ideyalarına daim yüksək sədaqət nümayiş etdirmiş və öz lideri, partiyamızın sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları yüksək məsuliyyətlə həyata keçirməyə çalışmışdır. Bu gün rayonumuzda icra strukturları ilə partiya təşkilatı sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Uğurlarımızın, sosial-iqtisadi sahədə qazandığımız nailiyyətin əsasında duran da bu amildir.
Çıxışlar başa çatandan sonra konfrans iştirakçıları YAP Xətai rayon təşkilatının Siyasi Şurasının və İdarə Heyətinin yeni tərkibini seçdilər. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimovun təklifi ilə Milli Məclisin deputatı Hüseynbala Mirələmov yenidən partiyanın rayon təşkilatının sədri seçildi.
Təşkilati məsələlərə yekun vurulandan sonra Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul edildi.

Keçidlər