XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri, rayon Gənclər və İdman idarəsinin rəisi, Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Xətai rayonu sektorunun müdiri, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və rayon Xidmət idarələrinin rəhbərliyi iştirak ediblər.
Müşavirədə Ulu Öndər Heydər Əliyev və görkəmli alim Zərifə xanım Əliyevanın anadan olmalarının 94-cü ildönümü ilə əlaqədar Xətai rayonunda keçiriləcək tədbirlər, eləcə də, ay ərzində bütün təhsil, səhiyyə və mədəniyyət ocaqlarında, idarə və müəssisələrdə tədbirlərin təşkili, rayon ərazisində aparılacaq abadlıq, təmizlik işləri, ağacəkmə və iməciliklərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb, tapşırıqlar verilib.
Həmçinin, Xətai və Əhmədli bələdiyyələri üçün yeni inzibati binaların tikilməsi, Kaçalov küçəsi 18 saylı ünvanda yerləşən, 2 fevral 2017-ci il tarixdə damında yanğın baş vermiş binanın təmir-bərpa işləri, Xudu Məmmədov küçəsi 6 saylı ünvanda tikilməkdə olan 120 yerlik körpələr evi-uşaq bağçasında və “Ağ şəhər” layihəsi çərçivəsində köçürülmə və söküntü işlərinin vəziyyəti, pilot layihə çərçivəsində çoxmərtəbəli yaşayış evlərinin tikintisi, işlərinin sürətləndirilərək yekunlaşdırılması, yay mövsümünün başlanması ilə əlaqədar rayonun ərazisində sanitar-gigiyenik normaların təmin olunmasına nəzarətin artırılması, yolboyu yaşıllıq zolaqlarına və parklarda aqrotexniki qulluğun sürətləndirilməsi, suvarmaların vaxtında aparılması ilə bağlı müvafiq göstərişlər verilib.
Rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən, səyyar qəbulların təşkili və sakinlərin qaldırdıqları məsələlərin həllinə, rayon İcra Hakimiyyətinə edilən vətəndaş müraciətlərinə xüsusi həssaslıq və diqqətli yanaşmanın vacibliyindən danışan İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn məsələ kimi vətəndaş məmnunluğunun təmin edilməsi hər bir məmurun başlıca vəzifəsidir.