Uğurlarla başlayan il yüksək nailiyyətlər vəd edir
2013-cü ilin birinci rübündə Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar keçirilən geniş yığıncağı rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının uğurları bu il də davam etməkdədir. Bunu bu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar Nazirlər Kabinetinin oktyabrın 10-da keçirilmiş iclasında Prezident İlham Əliyevin çıxışından da aydın gördük. Dövlət başçısının bu müddətdə əldə olunan nailiyyətlərdən danışarkən qeyd etdiyi kimi, “bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır”.
Bunu müsbət nəticə kimi dəyərləndirən dövlət başçısı hesab edir ki, bu artımın qeyri-neft sektorunun hesabına əldə olunması xüsusilə sevindiricidir. Çünki bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur. Makroiqtisadi göstəricilərin çox müsbət olduğu ölkə iqtisadiyyatında inflyasiya cəmi 1,2 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə təxminən 6 faiz artmışdır. Kənd təsərrüfatında 4 faizdən çox artımın müşahidə olunması, valyuta ehtiyatlarımızın artması və digər uğurlar bir daha onu göstərir ki, cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyası respublikanın sosial-iqtisadi inkişafına öz müstəsna töhfələrini verməkdə davam edir.
R. Məmmədov ölkənin davamlı inkişaf prosesində paytaxtın iri rayonlarından biri kimi Xətai rayonunun da bir çox uğurlara imza atdığını, ölkənin, o cümlədən Bakının ümumi sosial-iqtisadi inkişaf tempində, öz mövqeyini qoruyub saxladığını konkret rəqəmlərlə diqqətə çatdırmışdır:
- 2013-cü ilin birinci rübünün makroiqtisadi göstəricilərinin təhlili, bu il də rayon iqtisadiyyatının dinamik inkişaf etdiyini və sosial məsələlərin uğurla həll olunduğunu göstərir. Bu müddətdə rayonun sanaye müəssisələri 321,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 127,8 faiz sənaye məhsulu istehsal etmişlər.
Rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 81 milyon 437 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu vəsaitin 12 milyon 215 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Ticarət şəbəkəsindən məhsulların 32,6 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 5,3 faizi yarmarkalar, 62,1 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən satılmışdır. Əmtəə dövriyyəsinin 98,3 faizi, pullu xidmətlərin 80,7 faizi özəl bölmə tərəfindən həyata keçirilmişdir. Bu da onu göstərir ki, rayonda sahibkarlığın inkişafına qayğı yüksək səviyyədədir.
Natiq həmçinin qeyd etmişdir ki, dövlət başçısının ölkədə işsizliyin tamamilə aradan qaldırılması və əhalinin pul gəlirlərinin artması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunmuş, əmək ehtiyatlarından səmərəli istifadəyə diqqət artırılmış, vakant iş yerləri haqqında məlumatlar toplanmışdır.
Ümumiyyətlə, 2003-cü il oktyabrın 1-dən 2013-cü ilin yanvar ayının 1-nə rayonda 30117, o cümlədən 29911 daimi yeni iş yeri açılmışdır. Bu ilin 3 ayında açılmış 1425 iş yerinin 526-sı yeni yaradılan müəssisələrdə, 1065-i mövcud müəssisələrdə, 48-i fəaliyyətini bərpa etmiş müəssisələrdə, 568-i isə fiziki şəxslər tərəfindən yaradılmışdır. İşsizliyin aradan qaldırılması heç şübhəsiz, rayonda əhalinin maddi-rifah halının davamlı olaraq yüksəlməsinə, vətəndaşların etibarlı sosial müdafiəsinin təşkilinə geniş imkan yaratmış, nəticədə rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artaraq 561,2 manata çatmışdır.
R. Məmmədov son illər Xətai rayonunda ulu öndər Heydər Əliyevin “Qara şəhəri ağ şəhərə çevirək” arzusunun gerçəkləşməsi istiqamətində aparılan işlərin də bir an belə səngimədiyini, rayonun tikinti kompleksinə bütün maliyyə mənbələri hesabına əvvəlki ilin müvafiq dövründəkindən çox investisiya yönəldildiyini diqqətə çatdırmışdır:
– Sürətlə inkişaf edən Bakının Xətai rayonundan son illərdə həyata keçirilən yenidənqurma və abadlaşdırma işləri həm də özünün geniş miqyası ilə seçilir.
Xocalı prospektindəki İş Mərkəzində, Nobel prospektindəki “Yeni həyat ” yaşayış kompleksində işlər başa çatdırılmışdır. Nəcəfqulu Rəfiyev küçəsində Belarus səfirliyinin binasının tikintisi davam etdirilmiş və hazırda tikintidə tamamlanma işləri görülür. Görülən işlərdən daha çox diqqət çəkən “Ağ şəhər layihəsi”dir ki, bu ilin 3 ayında layihə əsasında işlər çox böyük sürətlə həyata keçirilməkdədir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Xətai rayonunda icrası bu ilin birinci rübündə də uğurla davam etdirilmişdir. Dövlət Proqramı və ona edilmiş əlavəyə uyğun olaraq rayonumuzda 88 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ötən ilin yekununa görə 30 tədbirin icrası təmin olunmuş, 18 tədbir üzrə işlər rüb ərzində davam etdirilmiş və artıq 4 bağçadan məcburi köçkünlər başqa binalara köçürülərək orada təmirə başlanılmış, digər 6 bağçada isə təmir üçün inşaat materialları gətirilərək məcburi köçkünlərə maneə yaratmadan ətraf daş hasarın tikilməsinə və binanın dam örtüyünün yenidən qurulmasına başlanmışdır.
Bu dövrdə Heydər Əliyev Fondu tərəfindən rayonumuzun Neapol küçəsi 11 ünvanında akademik Zərifə xanım Əliyeva adına uşaq bağçası inşa olunur. Rayonumuzdakı məktəblərin təmirinə də ciddi hazırlıq görülür və bu ilin sonunadək Dövlət Proqramı çərçivəsində 38 məktəbdən 29-da əsaslı təmir işləri aparılacaqdır.
Natiq onu da qeyd etdi ki, rayondakı mənzil-kommunal obyektlərinin istismarındakı vəziyyətin yaxşılaşdırılması da icra olunan layihələr çərçivəsində həyata keçirilir. Bakı şəhərində mövcud olan liftlərin 40 faizə qədəri Xətai rayonundadır. Artıq rayonumuzda istismar müddəti başa çatmış liftlərin yeniləri ilə əvəz olunması istiqamətində çox ciddi işlər aparılır. Hesabat dövründə 20 liftdə demontaj işləri aparılmış, 26 liftin quraşdırılmasına başlanmışdır.
Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov hesabat məruzəsində Xətai rayonun yol infrastrukturunun, su-kanalizasiya sisteminin yenidənqurulması, əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təminatı və bir sıra digər vacib məsələlərlə bağlı da ətraflı məlumat verdi. Uğurlarla başlayan ili yüksək nailiyyətlərlə başa vurmaq üçün qarşıda daha mühüm vəzifələr olduğunu bildirən natiq rayon təsərrüfatlarının bütün rəhbərlərini öz vəzifələrinə ciddi yanaşmağa və tapşırılan işi yüksək məsuliyyətlə yerinə yetirməyə çağırdı.
Məruzədə xüsusi qeyd olundu ki, cari ildə ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyləri qeyd olunur. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamları ilə bu yubileylərin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə tədbirlər planı təsdiq olunmuşdur. Həmin tədbirlərin icrası ilə əlaqədar bütün müəssisə və təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında müxtəlif tədbirlər keçirilir. Tədbirlər proqramına isə may ayının 7-də Heydər parkında çox möhtəşəm bayram konserti ilə yekun vurulacaqdır.
Məruzə ətrafında çıxış edən Milli Məclisin deputatı Hüseynbala Mirələmov və digər natiqlər hesabat dövründə görülən işləri qənaətbəxş hesab etdilər və tapşırıqların yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini bildirdilər.