Şriftin ölçüsü :

Saytın rəngi :

Bir dahi ömrünün sərgi yaşantıları

05 may 2017 | 11:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, aparatın kollektivi, YAP Xətai rayon təşkilatının nümayəndələri, rayonun idarə və müəssisələrinin işçiləri Heydər Əliyev Mərkəzində olmuşlar.

Mərkəzlə tanışlıq görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan, Ulu Öndərin həyat və fəaliyyətinin, onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi muzeydən başlandı. Bəldəçi qeyd etdi ki, bu muzeydə  Heydər Əliyevin həyat və fəaliyyətini nümayiş etdirən hər bir eksponat,  Azərbaycanın XX və XXI əsr tarixinin bu dahi insanın ideyalarının və əməllərinin üzərində qərar tutduğunu göstərir. Ulu öndərin taleyi, keçdiyi həyat yolu və möhtəşəm dövlətçilik fəaliyyəti göstərir ki, bu, sadə bir insanın ömür yolu deyil.

Tədbir iştirakçıları muzeydə toplanan məlumatlarla interaktiv formada tanış oldular. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olundu. Ziyarətçilər ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələrlə də tanış olmaq imkanı qazandılar.  Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edildi.

Muzeydə ziyarətçilərin böyük marağına səbəb olan  ən maraqlı bölmələrindən biri də ulu öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalı oldu. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Prezident Heydər Əliyevin digər dövlət başçıları ilə görüşlərinin və ona bağışlanan hədiyyələrin fotoları əks olunurdu. Elə oradaca həmin hədiyyələrin orijinalları da qonaqlara nümayiş etdirilirdi. Zalda böyük dövlət xadiminin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası, müxtəlif illərdə təltif olunduğu orden və medallar ekspozisiyanın ən maraqlı eksponatı kimi qarşılandı.

Tədbir iştirakçıları  Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illərdə xidməti istifadəsində olan avtomobillərə də çox böyük maraqla tamaşa etdilər.

Beləcə, ziyarətçilər  Heydər Əliyevin  şah əsəri olan müstəqil Azərbaycanın paytaxtı Bakıda xalqın Ümummilli Lderinin nəsillərə nümunə olan həyat və fəaliyyətinin ən parlaq məqamları ilə təkrar tanış olub, xatirəsinə sonsuz ehtiram və sayğılarını göstərdilər. Mərkəzlə tanışlıqdan sonra ziyrətçilərin hamısına ümumi bir hiss hakim oldu: Heydər Əliyevin həyat və fəaliyyəti muzeylərə sığmayan bir dahi ömrüdür .

Keçidlər