Aprel şəhidlərinin ailələri ziyarət olundu
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdirləri, məsul əməkdaşları, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə 2016-cı ilin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Aprel şəhidlərinin ailələrini ziyarət edib, maddi yardım çatdırıb, qayğıları ilə maraqlanıblar.
Ziyarətlər zamanı Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov şəhidlərimizin keçdiyi döyüş yolundan söhbət açaraq bildirib ki, Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir: “2016-cı ilin aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Bu döyüşlərin ən böyük tarixi əhəmiyyəti qələbə sayəsində Böyük Qayıdışa start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.”
Anar Məmmədov vurğulayıb ki, Vətən oğulları hər zaman dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini gözləyirdilər: “44 günlük İkinci Qarabağ müharibəsində göstərilən qəhərəmanlıq, şücaət bunun bariz nümunəsidir. 44 gündə 30 ilin işğalına son qoymaq böyük hazırlığın, döyüş ruhunun, torpaq, Vətən sevgisinin, xalqımızın birliyinin, həmrəyliyinin nəticəsidir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, torpaqlarımız tarixi sahibindədir, azaddır və yenidən canlandırılır, dirçəlir. Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirik.”
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə şəhidlərin valideynlərinə belə vətənpərvər, dövlətini, xalqını, torpağını sevən gənclər yetişdirdikləri üçün minnətdarlığını bildirib: “Şəhidlər unudulmur. Azərbaycanın bugünkü və gələcək nəsilləri onların qəhrəmanlığından nümunə götürəcəklər. Gənclərimizdə vətənpərvərlik ruhunun Aprel döyüşlərində qazanılmış qələbədən sonra daha da yüksəldiyini və hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını böyük əminliklə qeyd edə bilərik.”
Vüqar Rəhimzadə vurğulayıb ki, 2016-cı ilin Aprel döyüşləri işğal altında olan torpaqlarımıza qayıdışın başlanğıcı, şanlı Zəfərimizin müjdəsi kimi tariximizə şərəfli bir qələbə səhifəsi kimi yazılıb: “Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi.Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımız daim xalqımızın qəlbində yaşayacaq, xatirələri əziz tutulacaq. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, döyüş iştirakçılarına diqqət və qayğısı böyükdür. Dövlətimizlə yanaşı, hər bir Azərbaycan vətəndaşı şəhid ailələrini, qazilərimizi, döyüş iştirakçılarını diqqətdə saxlayır və saxlayacaqdır.”
Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.