Vətən Müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun xatirəsi anılıb
Azərbaycan Respublikası Silahlı Qüvvələr günündə Şəki şəhərində Vətən Müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun məzarı ziyarət edilib, oxuduğu İnçəzunud kənd orta məktəbində anım tədbiri keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin böyük məsləhətçisi Bəkir Əsgərzadə, Şəki rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP Xətai rayon Təşkilatının məsləhətçisi Ənvər Bayramov, Xətai rayonu 59 saylı tam orta məktəbin kollektivi, şəhidin döyüş yoldaşları, qazilər, ailə üzvləri və yaxınları iştirak ediblər. Anım mərasimində şəhidinin məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı qarşısına, tər gül-çiçək dəstələri düzülüb. Daha sonra oxuduğu İnçəzunud kənd məktəbində anım tədbiri keçirilib.
Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər. Sonda Şəki şəhərində Vətən müharibəsi zamanı həlak olmuş şəhidlərin məzarları ziyarət olunub.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!