Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım mərasimi keçirilib
Mayın 8-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Çıxış edənlər qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, şücaət və igidliyindən danışıblar.
Milli Qəhrəmanın ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirələrinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlığını bildirib.