"Azəristiliktəchizat" ASC-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
"Azəristiliktəchizat" ASC-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə iştirak ediblər. Tədbirdən əvvəl iştirakçılar Fəxri Xiyabanda müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
"Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Azərbaycan Respublikasında istilik təchizatı sistemlərinin inkişaf tarixi, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bu sahədə görülən genişmiqyaslı işlər haqqında ətraflı məlumat verib. İlham Mirzəliyev istilik təchizatı sistemlərinə dair bəzi arxiv materiallarını da ilk dəfə olaraq iştirakçıların diqqətinə çatdırıb.
Çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin, ölkənin enerji strategiyasının əsaslarının formalaşdırılmasındakı rolu barədə danışmış, Ulu öndərin irsinin və təcrübəsnin öyrənilməsinin gücləndirilməsi baxımından tədbirin mühim əhəmiyyət kəsb etdiyini bildirib. Rafiq Quliyev qeyd edib ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin böyük dövlət idarəçiliyi irsi və təcrübəsi ölkəmiz üçün yeni mütəxəssislərin yetişdirilməsində müstəsna rola malikdir. Rafiq Quliyev çıxışında Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının şərti səciyyə daşıdığını, bu böyük şəxsiyyətin ideyaları və əməllərinin hər hansı bir məhdudiyyət tanımadığını və onun zamanının respublikamızda əbədiyyətə qədər davam edəcəyini qeyd edib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada dayanan Heydər Əliyevin Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadığını vurğulayıb. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.
Tədbirin müəssisənin yaradılmasının 18-ci ilinə təsadüf etməsi ilə əlaqədar qonaqlar kollektiv üzvlərini təbrik edib, cəmiyyətin qarşısında duran məsuliyyətli vəzifələrin icrasında uğurlar arzulayıblar.
Sonda müəssisədə səmərəli və uğurlu fəaliyyət göstərən ən yaşlı və ən gənc əməkdaş rəhbərlik tərəfindən mükafatlandırılıb.