Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Əhmədli qəsəbəsinin sakinləri ilə görüşü keçirilib

27 oktyabr 2022 | 07:22

Oktyabrın 26-da Əhmədli qəsəbəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, idarə-müəssisə rəhbərləri, hüquq-mühafizə orqanları, təsərrüfat və xidmət idarələrinin rəhbər işçiləri və qəsəbə sakinlərinin iştirakı ilə görüş keçirilib. 

Görüşün əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinləri salamlayaraq bildirib ki, 2 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz düşmən üzərində şanlı Qələbə qazandı. Azərbaycan Ordusu əks-hücuma keçərək işğal altındakı torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq əzəli düşmən üzərində parlaq qələbə əldə edildi. Bu il avqustun 3-də və sentyabrın 12-də sərhəd boyunca Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilən “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirildi, onun böyük sayda canlı qüvvə və hərbi texnikaları məhv edildi. İcra başçısı  cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb.

Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə keçirilən görüşdə əsasən, fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin çəkilməsi, məhəllədaxili ərazilərin təmiri və işıqlandırılması ilə bağlı müraciətlər səsləndirilib. 

Edilən müraciətlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, aidiyyəti təşkilat rəhbərlərinə  müvafiq tapşırıqlar verilib.

Görüş  sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

 

Keçidlər