Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Bayramov Azər Zirəddin oğlu dəfn edilib

29 oktyabr 2025 | 17:24

29 oktyabr 2025-ci il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Bayramov Azər Zirəddin oğlu  Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin vida mərasimində Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Ramil Mirzəyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri rayon sakinləri iştirak ediblər.

Şəhidin nəşi izdihamla qarşılanıb, ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. 

Çıxış edənlər Azər Bayramovun Vətən qarşısında göstərdiyi qəhrəmanlıqdan, igidliyindən danışaraq onun adının xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıblar. Bildirilib ki, Vətənimizin azadlığı uğrunda canını fəda edən bütün şəhidlərimiz xalqımızın qürur mənbəyidir.

Tabuta bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim edilib.

Qeyd edək ki, şəhid Azər Bayramov 24 iyun 1973-cü ildə Bakının Xətai rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. A.Bayramov 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.

Allah şəhidimizə rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!

Keçidlər