Bu gün Vətən Müharibəsi şəhidi Məmmədov Rəşad Asif oğlunun doğum günüdür.
Məmmədov Rəşad Asif oğlu 1987-ci il aprelin 8-də Bakı şəhərində anadan olub. 1994 - cü ildə 116 nömrəli tam orta məktəbdə təhsilə başlamışdır, 2004-cü ildən təhsilini 14 saylı Peşə Liseyində davam etdirmişdir. 2006-cı ildə həmin liseydən məzun olmuşdur.
Subay idi. 2006-ci ildə "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlamış, 2007-ci ildə tərxis olmuşdur. Daha sonra 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizir hazırlığı kursu keçmiş, "Piyadanin Döyüş Maşını komandiri" ixtisasına yiyələnmiş və gizir hərbi rütbəsi ilə Naxçıvan Muxtar Respublikasında Döyüş Maşını komandiri vəzifəsində həqiqi hərbi xidmətə başlamışdır. Müxtəlif hərbi hissələrdə xidmət edən Məmmədov Rəşad, son olaraq "N" saylı hərbi hissədə Döyüş Maşını komandiri vəzifəsinə təyin edilmişdir. 27 sentyabrdan başlayaraq İkinci Qarabağ Müharibəsində iştirak etmiş Qubadlı, Füzuli, Şuşa uğrunda döyüşlərdə savaşmış, Qubadlı uğrunda döyüşlərdə yaralanmışdır, 6 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında komandiri olduğu Döyüş maşınının şəxsi heyəti ilə birlikdə şəhid olmuş, 3 dekabr 2020-ci ildə ailəsinə təhvil verilmişdir. Əhmədli qəbristanlığında dəfn edilmişdir.
Ölümündən sonra "Vətən uğrunda" ,"Cəsur döyüşçü" ,"Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Doğum günündə Əhmədli kənd qəbristanlığında şəhidimizin məzarı ziyarət edilib. Tədbirdə rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin döyüş yoldaşları, ailə üzvləri, məktəblilər və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb.
Mərasimdə çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək belə igid, vətənpərvər övlad böyütdükləri üçün onlara dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində Böyük Zəfər qazanması ölkəmizin ərazi bütövlüyünü təmin etdi, xalqımızın milli qürurunu özünə qaytardı. Azərbaycanın həyatında yeni mərhələ açan bu möhtəşəm tarixi Qələbənin qazanılmasında Rəşad kimi mərd, fədakar, qeyrətli oğullarımızın müstəsna xidmətləri var.Şəhidlik zirvəsinə yüksəlmiş belə oğullarımız əbədiyaşarlıq qazanıblar. Xalqımız,millətimiz, Vətənimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ailələri adından dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!