Bu gün Vətən Müharibəsi şəhidi Rzayev Vüsal Tofiq oğlunun doğum günüdür.
Rzayev Vüsal Tofiq oğlu 14 aprel 1996-cı ildə Şabran rayonunda anadan olmuşdur.
2003-cü ildə 5N-li liseydə 1-ci sinfə gedib. Vüsal məktəb vaxtlarından idmanı sevmiş, güləşlə məşğul olmuşdur. 2015-ci ildə Bakı Peşə Liseyini bitirmişdir. Həmin ilin iyul ayının 3-də hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Murovdağ zirvəsində davam etmişdir.
2015-ci ildə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti dövründə 2016-cı ildə aprel döyüşlərində iştirak edib və Murov dağ silsiləsində xidmətini başa vurub. Hərbi xidmətdə baş atıcı kimi fəaliyyət göstərib. Əsgərlik zamanı hər zaman nizam-intizamı ilə seçilib, verilən tapşırıqları vaxtında yerinə yetirib. Hərbi xidmət zamanı fəal döyüş qabiliyyəti göstərdiyinə görə xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən təşəkkürnamə alaraq hərbi xidməti fərqlənmə ilə başa vurub.
Hərbi xidməti dövründə bir dəfə ən yüksək postda (Koroğlu postunda) olan Vüsal gecə gələn erməni kəşfiyyatçılarını görür və tez komandirinə xəbər verir. Həmin gün Vüsalın sayəsində bir çox erməni kəşfiyyatçıları tutulur və buna görə komandiri tərəfindən təşəkkürnamə alır.
21.09.2020-ci il tarixində hərbi səfərbərliyə çağırılmışdır. 27.09.2020 tarixində hərbi hissədən Füzuli rayonunun Kürdmahmudlu kəndinə döyüşə getmişdir. Vətən müharibəsinin ilk günündən Rəşadətli Azərbaycan Ordusunun üzvü olaraq, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib, döyüş meydanında şücaət göstərərək bir neçə məntəqənin düşmən işğalından azad edilməsində iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 8-də düşmən tərəfindən mühasirəyə düşmüşdür. 3 gün mühasirədə ac-susuz qalmış, 11 oktyabrda mühasirədən çıxmışdır. 14 oktyabrda Aşağı Seyidəhmədli Qırmızıbazar istiqamətində döyüşə qatılmış və həmin döyüşdə itkin düşmüşdür. 14 oktyabrdan 9 dekabra qədər haqqında heç bir məlumat alınmadığı üçün 50 gündən çox müddətdə itkin kimi axtarışa verilmişdir. 9 dekabrda ailəsinə şəhidlik xəbəri verilmişdir.
Vüsal Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Doğum günündə Dədə Qorqud Şəhidliyində şəhidimizin məzarı ziyarət edilib. Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin döyüş yoldaşları, ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb.
Daha sonra Turizm və Sosial Xidmətlər Bakı Dövlət Peşə Mərkəzində şəhidin anım tədbiri keçirilib. Mərasimdə çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək belə vətənpərvər övlad böyütdükləri üçün onlara dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində Böyük Zəfər qazanması ölkəmizin ərazi bütövlüyünü təmin etdi, xalqımızın milli qürurunu özünə qaytardı. Azərbaycanın həyatında yeni mərhələ açan bu möhtəşəm tarixi Qələbənin qazanılmasında Vüsal Rzayev kimi mərd, fədakar, qeyrətli oğullarımızın müstəsna xidmətləri var. Şəhidlik zirvəsinə yüksəlmiş belə oğullarımız əbədiyaşarlıq qazanıblar. Xalqımız,millətimiz, Vətənimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!