Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasına həsr olunmuş maarifləndirici tədbir keçirildi
20 Aprel 2018-ci il tarixində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2013-cü il tarixli, 2837 №li Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda icrası nəzərdə tutulan dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili bəndinin icrası ilə bağlı maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Xətai rayon İcra Hakimiyyətinin müavini E.Əhmədov dili ilk növbədə onun daşıyıcısı olan xalqın yaşatdığını bildirərək, Azərbaycan dilinin tarixi inkişaf yolundan və keçdiyi keşməkeşli dövrlərdən bəhs etdi. Ümummilli Liderin dövlət dili uğrunda ardıcıl mübarizə apardığını, ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etdiyini və beləliklə bütün qüvvələri bu amal uğruna səfərbər etdiyini bildirdi.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri P.İmaov çıxış edərək dilimizin saflığının qorunmasının və özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsinin hazırda aktual məsələlərdən olduğundan və dilin yad ünsürlərdən qorumağın vacibliyindən bəhs etdi. Bununla yanaşı, çıxışlarda Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin 18 iyul 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və 9 avqust 2001-ci il tarixli “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanları, Ümummilli liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı və 01 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanları xatırladıldı. Natiqlər vurğuladı ki, bu gün dilimizin inkişafının əsas qarantı məhz ölkə rəhbəridir.
Tədbir mövzu ilə bağlı iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.