Gözəlləşən, müasirləşən Xətai rayonu və vətəndaş məmmunluğu əsas amalımızdır...
Son illərdə ölkədə aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində ölkənin iqtisadi, siyasi, sosial həyatında çox mühüm naliyyətlər əldə edilmişdir. 44 günlük müharibədəki şanlı Qələbədən sonra ölkəmizin nüfuzu dünyanın dörd bir tərəfində daha da yüksəlmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun düşmən üzərində qələbə qazandıqdan sonra işğaldan azad edilən torpaqlarımızda geniş vüsətlə bərpa-quruculuq işləri aparılmış, həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması gözlənildiyindən daha da yaxınlaşmışdır.Respublikada gedən hərtərəfli inkişafın təsirləri Xətai rayonunda da bariz şəkildə özünü göstərmişdir. Ötən illərdə olduğu kimi, 2022-ci ildə də vətəndaş məmmunluğunun təmin edilməsi, genişmiqyaslı abadlıq-quruculuq işləri, şəhid və qazi ailələrinin qayğılarının ön planda saxlanılması Xətai rayon İcra Hakimiyyətinin ən prioritet məsələləri olmuş, ölkə başçısının qarşıya qoyduğu vəzifə və tapşırıqların icrası istiqamətində bütün qüvvələr səfərbər olunmuşdur. Görülən işlər sakinlərin də ürəyincədir.
Bakı şəhərində davam etdirilən abadlıq-quruculuq işləri paytaxtın kompleks inkişafını təmin edir. Xətai rayonunda da görülən işlər özünün ünvanlı, ardıcıl, sistemli olması ilə bu ümumi amala xidmət edir.
Ötən 2022-ci il ərzində Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kvartalda görülən işlərlə tanış olub, Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub. Qarabağ Atları küçəsində avtomobillərin və piyadaların təhlükəsiz hərəkəti üçün hər cür şərait yaradılıb. Ağ Şəhər layihəsinə uyğun olaraq piyadalar üçün panduslar və yerüstü keçidlər salınıb, eni 6-8 metr olan səkilərdə xüsusi dizaynlı daş düzümündə küçənin adı qeyd edilib, yaşıllıq zolaqları salınıb, avtomobil və velosiped dayanacaqları yaradılıb, piyadaların istiqamətləndirilməsi üçün yol göstəriciləri və xəritələr, tullantı qutuları, oturacaqlar quraşdırılıb. Küçə şimalda Babək prospektinə, cənubda isə Mərkəzi Parka birləşir. Meydanın ətrafındakı yaşayış binalarının birinin fasadında keramikadan xüsusi hazırlanmış pano quraşdırılıb. Həmçinin burada dördmərtəbəli hipermarket binasının, Babək prospektində müasir dizaynlı çoxfunksiyalı binanın və yaşıllaşdırılmış avtodayanacağın inşası başa çatıb. Bakı Ağ Şəhərin “landmark”ı olan və hazırda tikintisi aparılan 12 mərtəbəli ofis binası beynəlxalq standartlara uyğun iş məkanı təklif edəcək. Yeraltı və yerüstü avtodayanacaqların, müasir havalandırma sisteminin, sürətli liftlərin nəzərdə tutulduğu binanın qarşısında gəzinti və istirahət üçün geniş yaşıl meydan salınacaq. Ətraf mühit və ekologiyanı tikintidə əsas amil kimi nəzərə alaraq binanın BREEAM ekoloji sertifikatlaşma təşkilatı tərəfindən layihələndirmə mərhələsindən dəyərləndirilməsinə başlanılıb. Bu, artıq Bakı Ağ Şəhərdə BREEAM sertifikatlı ikinci ofis binası olacaq. Biznes mərkəzinin arxasında, hündür binaların əhatəsində 1 hektar ərazisi olan Mərkəzi Park layihələndirilib. Parkda gözoxşayan landşaft və incəsənət nümunələri yer alacaq. Bu park piyadalar üçün şimalda Babək prospekti və Qarabağ Atları Meydanından başlayan Fəvvarələr meydanı və piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanı olacaq. Ağ Şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz töhfəsini verməkdədir.
Mehdi Mehdizadə küçəsi, 31 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin5 saylı DOST Mərkəzinin açılışı olub. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Dördmərtəbəli mərkəzin ümumi sahəsi 4405 kvadratmetrdir. Mərkəz modern və konstruktiv üslubda layihələndirilib, mühəndis sistemləri baxımından ən yüksək tələblərə cavab verir.Mərkəzdə 120 nəfərə yaxın işçi heyəti çalışacaq və “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü fəaliyyət göstərəcək. Burada gün ərzində 650-700 vətəndaşa xidmətin göstərilməsi nəzərdə tutulur. istifadəyə verilən növbəti DOST Mərkəzi sosial xidmətlər sahəsində daha böyük ərazini və daha çox əhalini əhatə etməklə keyfiyyətli xidmətin coğrafiyasının genişlənməsinə şərait yaradacaq.
Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Xətai rayonunda yerləşən Ana fəryadı abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılıb. Parkın ərazisinin yaşıl örtüyü yenilənib. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə işləri, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılmışdır. Xocalı prospekti boyu yerləşən binaların fasadlarının təmizlənib, Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilib. Hər il olduğu kimi ötəl il də cənab Prezident İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və ölkə ictimaiyyəti abidəni ziyarət ediblər.
Görülən işlər çərçivəsində Heydər Əliyev adına İstirahət Parkı əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Ərazisi genişləndirilərək 4 hektardan 14 hektara çatdırılmış parkda aparılan yenidənqurma işləri çərçivəsində 30 mindən çox ağac və gül kolları əkilmiş, 9 hektar əraziyə qazon örtüyü döşənmiş, 7 km piyada və 1,1 km velosiped zolağı salınmış, 380 işıq dirəyi, 150 oturacaq quraşdırılmış, məlumat lövhələri qoyulmuş, 2500 m2 sahədə avtodayanacaq yaradılmışdır. Ərazidə olan şəlalə və fəvvarə kompleksi təmir edilmişdir. Ziyarətçilər üçün piknik sahələrinin də mövcud olduğu parkda uşaqlar və böyüklər üçün 5 fərqli məkanda idman və əyləncə sahələri ayrılmış, lazımi avadanlıqlar quraşdırılmışdır. Parkda monitor yenisi ilə əvəz edilmiş, mədəni-kütləvi tədbirlərin təşkili üçün 918 yerlik amfiteatr qurulmuşdur.
Rahib Məmmədov küçəsi ev 24, 26 və Aşıq Ələsgər küçəsi 2 ünvanlarında 1300 nəfər sakinin yaşadığı üç çoxmərtəbəli yaşayış binasını əhatə edən abadlaşdırılan növbəti həyət istifadəyə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, həmçinin tədbir zamanı keçirilmiş ağacəkmə aksiyasında iştirak edib. “Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır. Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qruplarından olan şəxslərin açıq havada istirahəti üçün əlverişli şərait yaradılıb, o cümlədən çoxsaylı söhbətgah və oturacaqlar, tullantı qutuları quraşdırılıb. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol, basketbol, şahmat və uşaq əyləncə meydançaları, müxtəlif idman qurğuları salınıb, velosiped yolu çəkilib.Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, qaz, su və istilik xətləri yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 500-ə yaxın müxtəlif ağaclar və kollar əkilib, 2500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.
Ötən il istifadəyə verilən İlqar Zülfüqarov küçəsi 77,79,81,83 saylı binaların həyətində salınan Birinci Qarabağ müharibəsi şəhidi Azərbaycanın Milli Qəhrəmanı Oqtay Gülalıyevin və Vətən Müharibəsi şəhidi Əkbər Pənahovun xatirə lövhəsinin quyulduğu növbəti abad həyət sakinlərin böyük sevincinə səbəb olub.
General Şıxlinski küçəsi 57 və 59 ünvanlarında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində 1200 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən növbəti həyət sakinlərin istifadəsinə verilib. Həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 6 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib elektrik sistemi yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 525 ədəd müxtəlif cinsli ağaclar və minlərlə kollar əkilib, 4200 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” (green barriers) yaradılıb.
Daha bir abadlaşan həyət Xətai rayonu, 8 Noyabr prospektində, Cavanşir və Xaliq Əzizzadə küçələrində 8 hektar ərazidə 3 min 145 nəfər sakinin yaşadığı çoxmərtəbəli 10 binanı əhatə edir. Həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə ərazidə süni örtüklü 2 mini futbol stadionu, 2 şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 12 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb. Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 2 min 650 ədəd müxtəlif cinsli ağac və kollar əkilib, 4 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və havanın çirklənməsini səmərəli şəkildə azalda bilən adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” yaradılıb.
İl ərzində rayon ərazisində keçirilən iməçiliklər, ağacəkmə və təmizlik aksiyaları zamanı 10000-dən çox müxtəlif növ ağaclar əkilmiş, qazon örtüyü salınmış, növbənöv güllər əkilmiş, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, ağaclarda mövsümi budama işləri aparılmış, müasir suvarma sistemləri quraşdırılmış, küçə və prospektlər yuyulmuş, dezinfeksiya işləri aparılmışdır.
2022-ci il ərzində Xətai İcra Hakimiyyəti tərəfindən bütün bayram və şəhidlərin anım və doğum günlərində şəhid ailələri ilə birgə şəhidlərin məzarları ziyarət olunub, onların xatirəsinə ehsan süfrələri təşkil olunub. RİH tərəfindən şəhid ailələrinin bütün qayğıları mütəmadi olaraq diqqətdə saxlanılıb və onları narahat edən məsələlərin həllinə dərhal nail olunub.
Ötən il ərzində rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin sakinlərlə 39 səyyar görüşü keçirilmiş, görüşlərdə 2000-dən çox vətəndaş işrirak etmişdir. Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən səyyar qəbul-görüşlərin əsas məqsədi vətəndaşların yanında olmaq, problemləri ilə maraqlanmaq və müraciətlərini həll etməkdən ibarət olmuşdur.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunan konfrans rayonun siyasi həyatında yaddaqalan hadisələrdən olmuşdur. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri düzüblər. “Baku Marriot Hotel”də davam edən tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin miqyasının ölçüyəgəlməzliyindən, YAP-ın ölkəmizin tarixində mühüm rolundan bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı var. Dövlətə, xalqa xidmət partiyanın fəaliyyətinin ana xəttini təşkil edir. Yarandığı gündən sözlə əməl birliyi partiyanın nüfuzunu gündən-günə artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir, yeni-yeni hədəflərə nail olmaq üçün töhfələr verməsində stimul rolunu oynayır. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir.
Müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib i. Tədbir iştirakçıları öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə qızılgül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər. Çıxış edənlər bildiriblər ki, Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, böyük siyasətçi, ulu öndər Heydər Əliyevin tariximizdə müstəsna yeri var. Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində xidməti əvəzsizdir. Müasir müstəqil Azərbaycan dövlətinin varlığı dahi Liderin adı ilə bağlıdır. Bu gün Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasətinə söykənərək qüdrətli Azərbaycanı müasir şəkildə dünyaya təqdim edir. Azərbaycan dünyanın ən aparıcı ölkələrindən birinə çevrilməkdədir. Bu gün Azərbaycan sözün həqiqi mənasında dünyanın siyasi arenasında kifayət qədər böyük nüfuza, iqtisadi qüdrətə malik olan ölkəyə çevrilibdir. Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Xətai Rayon İcra Hakimiyyətində Azərbaycanda səfərdə olan Yaponiyanın İşikava perefekturasının Şika şəhərinin meri Masaru Koizuminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş çərçivəsində Rafiq Quluyev qonaqlara ölkəmizin Vətən Müharibəsində əldə etdiyi böyük Zəfərdən, bu 30 ildə erməni vandalları tərəfindən işgal olunan rayonlarımızın, şəhərlərimizin viran qoyulması və hazırda azad edilən ərazilərdə davam edən yenidənqurma və bərpa prosesləri haqqında söhbət açıb. Qeyd olunub ki, əbəs yerə Ağdam şəhərini "Qafqazın Xiriosiması" adlandırımırlar. Müxtəlif ölkələrin kütləvi-informasiya vasitələrinin azad edilmiş ərazilərə səfərləri zamanı yaydıqları video və fotomateriallar əsasında bütün dünya Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı yaşayış məntəqələrimizi yalnız divarlardan ibarət dağıntılara çevirdiyini gördü. Lakin artıq bütün dünya bu torpaqlarda başlanmış nəhəng bərpa işlərini müşahidə edir. Qarabağın bərpası üçün uzun illər lazım gəlsə belə, Azərbaycan dövləti və xalqımız cansız torpaqlara çevrilmiş bu ərazilərə həyatı qaytarmaqda israrlıdır və buna qadirdir. Şika şəhərinin meri Masaru Koizumi və digər qonaqlar ölkəmizin bütün sahələrdə inkişafını müşahidə etdiklərini bildirdilər. Xətai rayonu və Şika şəhərinin əlaqələrinin Yaponiya və Azərbaycan dostluğuna böyük bir tövhə olacağını qeyd ediblər.
Hər il olduğu kimi 2022-ci il də rayonumuz üçün təhsil sahəsində uğurlu olub. Bu münasibətlə rayon İcra Hakimiyyətində yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüş keçirilib. Tədbirdə Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğıdan danışılıb. Qeyd olunub ki, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir. Sonda gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.
Ötən il 5 oktyabr-Müəllimlər günü münasibətilə tədbir keçirib. İlk öncə Ulu Öndərin abidəsi ziyarət olunub. Tədbirdə qeyd olunub ki, müəllim zəhmətini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin özü, sözün əsl mənasında, böyük müəllim idi. Cənab Prezidentin imzaladığı Dövlət Proqramına əsasən rayonda yerləşən demək olar ki, bütün məktəblər, uşaq bağçaları əsaslı şəkildə, müasir standartlara uyğun təmir olunur, idman meydançaları tikilir, idman avadanlıqları, fizika, kimya labaratoriyaları ilə təmin olunurlar. Bütün bunlar bir daha ondan xəbər verir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğı bu gün möhtərəm Prezidentimizin İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da daim diqqət mərkəzindədir. Tədbirdə rayon təhsilinin uğurlarından söz aşılıb, bildirib ki, 2021-2022-ci tədris ilində Ali məktəblərə sənəd verən 2861 nəfər məzundan, 2243 nəfəri (77%) tələbə adını qazanmış, 285 nəfər isə xarici universitetlərə qəbul olmuşdur. 50 nəfər məzunumuz 650 baldan yuxarı bal toplamış, 4 məzunumuz isə məktəbi qızıl medalla, 210 məzunumuz fərqlənmə atestatı ilə bitirərək Ali məktəblərə daxil olmuşlar. 287 nömrəli Zəkalar liseyinin şagirid İsgəndər Murad Nazim oğlu və Abbasova Aysel Faiq qızı Prezident təqaüdünü layiq görülüblər. Ali məktəblərə qəbul zamanı Xətai rayonunda 2 məktəb 100% nəticə, 4 məktıb isə 98% nəticə göstərmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2 müəllimimiz “Əməkdar müəllim, 1 müəlliməmiz “Tərəqqi medalı”, 2 şagirdimiz “Respublika Fənn olimpiyadası I yer”, 2 şagirdimiz SASMO (Singapur Beynəlxalq riyaziyyat olimpiyadası) I və II yer, 2 şagirdimiz Kenken Yapon məntiq riyaziyyat olimpiyadasında II və III yer, 2 şagirdimiz Lütfizadə adına Məntiq Olimpiyadası III yer, 3 şagirdimiz 8-ci Amerika Beynəlxalq Riyaziyyat Olimpiyadası l yer, 6 şagirdimiz isə Beynəlxalq Sten Olimpiyadası l yerə layiq görülmüşlər. Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti tərəfindən əməkdə fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimlərinə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur.
Dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsi xüsusi önəm daşıyır. Bu məqsədlə Xətai rayonunda da könüllülük fəaliyyətinin inkişafına xüsusi diqqət yetirilir. İcra Hakimiyyətində təcrübə proqramı keçən könüllülərə hər zaman vətənpərvər olmağı və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etməyi tövsiyə edilir. Dövlətin yaratdığı imkan və şərait sayəsində təhsil alan gənc ictimai faydalı işlə məşğul olaraq təcrübə keçdiyi quruma öz töhfəsini verir, digər tərəfdən təcrübə keçdiyi dövlət qurumunda iş həyatı ilə tanış olur, məsuliyyət, işdə daxili nizam-intizam qaydalarını öyrənir və bütün bunlara özləri də riayət edirlər. Könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində mühüm rol oynayır.
Ötən il yeni inşa edilərək istifadəyə verilmiş 263 nömrəli tam orta məktəbdə "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə tədbir keçirilib. Rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev və H. Əliyev adına Hərbi İnstitutun rəis müavini, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov dünya Azərbaycanlılarını bir arada birləşdirən Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın rifahı üçün həyata keçirdikləri siyasətdən, Böyük Zəfəridən danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" elan edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bütün dünya Azərbaycanları xoşbəxtdir ki, uzun illər düşmən tapdağı altında qalan dədə-baba torpaqlarımız qazilərmizin, şəhidlərmizin və ali baş komandan İlham Əliyevin sayəsində azadlığına qovuşub. Azərbaycan bir daha dünyaya ölkəmizin qüdrətli dövlət olduğunu göstərib. Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin nəticəsində bu gündə Azərbaycan sürələ inkişaf edir. Sonra məktəblilərin ifasında ədəbi-bədii kampazisiya, şerlər və H. Əliyev adına Ali Hərbi İnstitutun hərbi Orkestrinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib.
Ötən 2022-ci il Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilən Ulu Öndər Heydər Əliyev adına istirahət parkında yeni qurulmuş amfiteatr səhnəsində keçirilən bir sıra mədəni-kütləvi tədbirlər sakinlər tərəfindən böyük məmmunluq hissi ilə qarşılandı və xatirələrdə silinməz izlər buraxdı.
Sakinlərdə 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə əlaqədar bayram əhval-ruhiyyəsi və xoş ovqat yaratmaq məqsədilə Xətai rayonunun prospekt, küçə və meydanlarında, park və xiyabanlarında yeni ilə hazırlıq işləri görülüb. Rayon ərazisində tərtibat və bəzək işləri aparılıb. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, Yusif Səfərov, M.Hadi və digər küçələrdə yol boyunca təbii ağaclar işıqlandırılıb, yolkalar və dekorasiyalar quraşdırılıb. Bayramın yüksək səviyyədə təşkili və keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif ərazilərində yerləşən parklar yolka və digər bayram atributları ilə bəzədilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılmış yolka möhtəşəm görünüşü ilə körpələri sevindirir. Parkın gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub.