H.Əliyev adına liseydə “Narkomaniyaya ‘YOX!’ deyək” adlı maarifləndirici tədbir keçirilib
28 oktyabr 2025-ci il tarixində Xətai rayonu, Heydər Əliyev adına liseydə Xətai Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya ‘YOX!’ deyək” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və rayon Polis İdarəsinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı narkotik asılılığın qlobal miqyasda yaratdığı təhlükələr, bu sahədə qarşıda duran vəzifələr, eləcə də uşaq və gənclər arasında məlumatlılığın artırılmasının vacibliyi vurğulanıb. Həmçinin yeni növ psixotrop maddələrin törətdiyi təhlükələr və onların insan sağlamlığına mənfi təsirləri barədə ətraflı məlumat verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, eləcə də “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar tədbir iştirakçılarına təqdim olunub.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin və psixotrop maddələrin zərərləri barədə məlumatlılığın artırılması, həmçinin narkomaniyaya qarşı mübarizədə ictimai həmrəyliyin gücləndirilməsidir.






