“Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” adlı tədbir təşkil edilib
Martın 29-da Xətai rayonunda rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirildi.
YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində silsilə tədbirlərimiz davam edir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, eyni zamanda, 18 müddəanı özündə əks etdirən Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin fəaliyyətinin hər bir istiqamətinin daha dərindən təhlilinə, indiki və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaradır. Zaman keçdikcə Ulu Öndər Heydər Əliyevin yaratdığı irsin, ideyalarının bəhrəsini daha yaxından görür, tarixi paralellər fonunda dahi şəxsiyyətin müstəqil Azərbaycan naminə etdiklərinin miqyasının ölçüyəgəlməzliyini böyük qürurla qeyd edirik. Dahi şəxsiyyətin fəaliyyətinin hər bir istiqaməti uğurlarla o qədər zəngindir ki, bütün bunları bir tədbirdə əhatə etmək qeyri-mümkündür. Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı bu baxımdan “Heydər Əliyev İli” çərçivəsində keçirdiyi silsilə tədbirlərdə Ümummilli Liderin ayrı-ayrı sahələr üzrə titanik fəaliyyətinin təhlilinə xüsusi diqqət göstərir. Bugünkü tədbirimiz Heydər Əliyev dərsləri çərçivəsində Onun əsasını qoyduğu azərbaycançılıq ideologiyasına həsr edilib.
Vüqar Rəhimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilir. Dahi şəxsiyyət hər bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi. Bu çağırışı etdi ki, Vətən birdir və hamımız bu Vətən üçün çalışmalıyıq.
YAP Xətai rayon təşkilatının sədri bildirdi ki, Azərbaycanın ən çətin günlərində xalqının səsinə səs verərək 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarını vahid ideologiya - azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə çağırdı. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu istiqamətində mühüm addım oldu. Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini daha da möhkəmləndirdi.
Vüqar Rəhimzadə onu da qeyd etdi ki, son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsi istiqamətində atılan addımlarda, qəbul edilən qərarlarda öz aydın ifadəsini tapdı. Dünyaya səs salan tarixi Zəfərimizdə bu birliyimiz öz sözünü dedi. Tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən Azərbaycan xalqının torpaq, Vətən sevgisi beynəlxalq səviyyədə də etiraf edildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov Azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən geniş bəhs etdi. Bu ideologiyanın müəllifi olan ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin, milli-mənəvi dəyərlərinin, tarixinin, ədəbiyyatının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımlardan geniş bəhs etdi. Bu mühüm məqam xüsusi vurğulandı ki, hakimiyyətinin birinci dövründə Ulu Öndərin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri azərbaycanlı gəncləri gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnmək üçün keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması oldu. Bu yolla Azərbaycanın elm və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği də həyata keçirilirdi. Bir mühüm məqamda qeyd edildi ki, həmin illərdə ölkəmizdəki intibahı şərtləndirən amillərdən biri gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyev üçün böyük əhəmiyyətli məsələ idi.
Hüseyn Əsgərov qeyd etdi ki, Azərbaycançılıq ideologiyasının inkişafı hər bir vətəndaşın torpaq, Vətən sevgisindən, milli-mənəvi dəyərlərə, tarixinə, dilinə bağlılığından irəli gəlir. Hər birimiz öz ana dilimizi sevməli, inkişaf etdirməliyik. Hər bir xalqı dünyada tanıdan onun dilidir. Əbəs yerə deyilmir ki, bir xalqı, milləti məhv etmək istəyirsənsə onun dilini əlindən al. Ulu öndər Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə Azərbaycan dilinin diqqətdə olması üçün göstərdiyi səylərə diqqət yetirsək görərik ki, məhz Onun qətiyyəti sayəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, diaspor quruculuğunun dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi mühüm qərarların qəbulunda əhəmiyyətli rol oynadı. Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalandı.
Milli-mənəvi dəyərlərimizin, dilimizin, tariximizin təbliğində, daha dərindən öyrənilməsində təhsilin rolunu xüsusi qeyd edən Hüseyn Əsgərov bildirdi ki, Azərbaycan dövləti təhsil sisteminin inkişafı üçün bütün lazımi tədbirləri görür. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil Azərbaycanda dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, təhsil hər bir dövlətin gələcəyidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar kimi yetişsinlər. Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq. Əgər inkişaf etmiş ölkələrin tarixinə və bugününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyat, sənaye, ümumiyyətlə, bütün sahələr üçün çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə də, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev Azərbaycanın dünya birliyində artan rolundan, azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsindən danışdı. Bildirdi ki, bu gün qürurla qeyd edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Rafiq İsayev onu da qeyd etdi ki, gənc nəslin vətənpərvər, milli ruhda böyüməsi hər zaman prioritetdir. Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Qırx dörd günlük İkinci Qarabağ müharibəsi həm Azərbaycan gəncinin torpaq, Vətən sevgisinin, həm də elmi–texniki tərəqqinin təqdimatı oldu. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Azərbaycanda elmin, təhsilin, yeni texnologiyaların inkişafına verilən önəm hər bir sahənin inkişafına öz müsbət təsirini göstərir. Bu gün Azərbaycan ən güclü, qüdrətli, qalib ölkə kimi dünyanın diqqətindədir. Bu uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. Dahi rəhbərin hakimiyyətinin hər iki dövründə yaratdığı möhkəm təməl uğurlarımızın davamlılığında stimulverici amildir.
Tədbirdə çıxış edən məktəblilər Heydər Əliyev dərsləri çərçivəsində belə görüşlərin davamlı olmasını arzuladılar. Bildirildi ki, Heydər Əliyev dərsləri çərçivəsində söylənilən fikirlərin, müzakirələrin təməlində Prezident İlham Əliyevin “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi” çağırışı dayandı.