Humanitar Fənlər təmayüllü məktəb–liseydə "Azərbaycan Xalqının Əbədiyyət Günəşi" adlı bədii-plastik tamaşa təqdim olunub
Mayın 18-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində "Azərbaycan Xalqının Əbədiyyət Günəşi" adlı bədii-plastik tamaşa təqdim olunub.
Tamaşanın nümayişi Azərbaycan xalqının Ümumillli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə ithaf edilib.
Xətai rayon İcra Hakimiyyətinin və Humanitar Fənlər təmayüllü məktəb–liseyin təşkilatçılığı ilə keçirilən tamaşada şagirdlərin təqdimatında Ulu Öndərin xatirəsinə həsr olunmuş bədii kompozisiya, plastik tamaşa nümayiş olunub.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan təhsil müəssisəsinin direktoru Nəzakət Əsgərova Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını diqqətə çatdıraraq onun təməlini qoyduğu ölkəmizin inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını vurğuladı. Nəzakət Əsgərova bildirdi ki, Ulu Öndərin uca zirvəyə qaldırdığı Azərbaycan və Azərbaycançılıq məfkurəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.
Tədbir bədii hissə ilə davam edib.
Çıxış edən Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev Ulu Öndərin mənalı həyatı və misilsiz xidmətlərindən danışıb.
Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edərək bildirdi ki, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.