Humanitar Təmayüllü Məktəb-liseydə səyyar qəbul keçirildi
İyunun 10-da Humanitar Təmayüllü Məktəb-liseydə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Qəbulda çıxış edən İcra başçısı Rafiq Quluyev cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb.
YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, sosial layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində cari ildə imzaladığı fərman və sərəncamlar hər bir ailəni əhatə etmişdir.
Rayon Prokuroru Sərdar İmanov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında fəaliyyətini mütərəqqi islahatlara uyğun şəkildə təkmilləşdirən Azərbaycan Prokurorluğu bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirməklə fəal vətəndaşlıq mövqeyində dayanan mübariz bir təsisat kimi dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərir.
Səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.