Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçiblər
17 may 2023-cü il tarixində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin (İnstitut) təlimçi-ekspertləri Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçiblər.
Təlim “Vətəndaşların müraciətlərinə baxılması”, “Dövlət qulluğu və korrupsiya”, “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularını əhatə edib.
Təlimi giriş nitqi ilə açan Xətai Rayon İcra Hakimiyyəti Başçısının müavini Rafiq İsayev qonaqları salamlayaraq bu cür təlimləri yüksək dəyərləndirdiyini və gələcəkdə İnstitutla əməkdaşlığın davamlı olacağına ümid bəslədiyini vurğulayıb. İnstitutun İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova təlimin əhatə etdiyi mövzuların aktuallığını və əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzuladı.
İnstitutun Hüquqi tədqiqat şöbəsinin müdiri Araz Abdullasoy “Vətəndaşların müraciətlərinə baxılması” mövzusunda çıxış edərək “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanunlar, o cümlədən, Avropa Konvensiyasının 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 34-cü (Fərdi şikayətlər) maddələri barədə ətraflı şərh vermiş, həmçinin, bələdiyyələrin fəaliyyətindəki qanun pozuntuları ilə bağlı statistik rəqəmləri təlim iştirakçılarının diqqətinə çatdırmışdır.
Təlimdə İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı “Sosial mediada məsuliyyət” mövzusunda təqdimatla çıxış etmişdir. Təlimçi şəxsin sosial şəbəkə platformasından istifadə etmək hüququ və informasiya əldə etmək hüququndan istifadə zamanı internet qaydalarına tabeliliyi barədə məlumat vermiş, eyni zamanda AR Konstitusiyasının 47-ci maddəsinin (fikir və söz azadlığı), CM-in 147-ci (Böhtan) və 148-ci maddələrinin (Təhqir) ətraflı təhlilini vermişdir. Həmçinin, V.Muradxanlı fikir və söz azadlığından sui-istifadə edərək insanları təhqir etməyin, onlara böhtan atmağın cinayət məsuliyyətinə səbəb olduğunu vurğulamışdır.
Təlimçi-ekspert Nəzrin Əliyevanın təqdimatında “Korrupsiya və rüşvət nədir?”, “Dövlət qulluqçularının etik davranış qaydaları” , və “Korrupsiya ilə əlaqədar yerli və beynəlxalq qanunvericilik” mövzuları dolğun izah olunmuşdur.
Müzakirələr zamanı icra hakimiyyəti əməkdaşlarının sualları cavablandırılmış, mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Təlimin sonunda, Xətai Rayon İcra Hakimiyyətinin 30 əməkdaşı sertifikatla təltif edilmişdir.