İlqar Zülfüqarov küçəsi 103 və 109 saylı yaşayış binalarının qarşısında parkın və rayon Ağsaqallar Şurasının inzibati binasının açılış mərasimi keçirildi+VİDEO
İyunun 1-də “Heydər Əliyev İli” çərçivəsində Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 103 və 109 saylı yaşayış binalarının qarşısında parkın və rayon Ağsaqallar Şurasının inzibati binasının açılış mərasimi keçirildi.
https://www.youtube.com/watch?v=MDw3F7Jd6i8
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov, rayon ağsaqqalları və sakinlər iştirak ediblər.
Ərazisi 1 hektar olan pakda 6500 kv m sahədə yaşıllıq zolağı, 3000 kv m ərazidə piyada zolağı salınıb, 850 ədəd gül kolu və ağac əkilib. Sakinlərin istirahəti üçün velosiped zolağı çəkilib, idman və uşaq əyləncə qurğuları quraşdırılıb, şahmat sahəsi yaradılıb. Yeni işıq dirəkləri və skamyalar qoyulub.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında bildirdi ki, “Heydər Əliyev İli” çərçivəsində görülən işlər, atılan hər bir addım Ümummilli Liderin fəaliyyətinin bir istiqamətinin təqdimatıdır. Bu gün rayon sakinlərinin ixtiyarına verilən bu park bir daha bu reallığı təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyevin bugünümüzə və gələcəyimizə hesablanmış siyasəti uğurla davam edir. Dövlət başçısı İlham Əliyev ölkəmizdə yaşıllıq zolaqlarının genişləndirilməsini daim diqqətdə saxlayır. Bu gün Bakı və Bakıətrafı qəsəbələr, həmçinin bölgələr arasında gedən sağlam rəqabət bu sahədə görülən işlərdə də özünün təsdiqini tapır. Ümumilikdə Xətai rayonu ərazisində yaşıllıqlar geniş sahəni əhatə edir. Ümummilli Liderin adını daşıyan park paytaxtda salınan yaşıllıqlar sırasında xüsusi yer tutur. Tədbirin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etdiyini nəzərə alsaq, yeni istifadəyə verilən parkı onlara bayram hədiyyəsi kimi dəyərləndirə bilərik. Rafiq Quluyev bu gün açılışı edilən rayon Ağsaqqallar Şurasının inzibati binası ilə bağlı bildirdi ki, onlar üçün bu şəraitin yaradılması hər zaman diqqətdə olan məsələlər sırasında olub. Rayon ağsaqqallarının bir araya gəlməsi üçün daimi məkanın olması mütləqdir. Hər zaman onların tövsiyələrinə ehtiyac duyulur. Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyə olunmasında böyüklərin nəsihətləri çox vacib amildir. Bu məkanın məhz gənclərin asudə vaxtlarını mənalı keçirmək üçün istifadə edəcəkləri parkın ərazisində yerləşməsinin əhəmiyyəti daha aydın görünür. Burada gənclərə yaşlı nəslin təcrübəsindən bəhrələnmək üçün geniş imkanlar yaradılıb. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında Azərbaycanın uğurlarından, bu gün qalib ölkə olaraq yaratdığı reallıqlardan geniş bəhs etdi. Bildirdi ki, 30 illik işğala məhz gənclərimizin torpaq, Vətən sevgisinin sonsuzluğu, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməsinin fonunda son qoyduq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.
Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov onlara göstərilən bu diqqət və qayğıya görə minnətdarlığını bildirdi. İzzət Rüstəmov “Heydər Əliyev İli” çərçivəsində atılan bu mühüm addımın rəmzi mənası olduğunu xüsusi vurğuladı. Bildirdi ki, Azərbaycanın bugünkü uğurları üçün dahi şəxsiyyət Heydər Əliyevə borcluyuq. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni Azərbaycan quruldu və ölkəmiz inkişaf, tərəqqi yolunda inamla addımlamağa başladı. Bu gün Azərbaycana hansı tərəfdən baxsaq böyük uğurların şahidi olarıq.
Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov bildirdi ki, Azərbaycanda “ağsaqqal” sözünə ehtiramla, diqqətlə yanaşılmasının çox qədim tarixi və zəngin ənənələri var. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə vacib sayılıb. Ümummilli Lider Heydər Əliyev həmişə ağsaqqallara böyük ehtiramla yanaşırdı. Ulu Öndərin “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” deməsi yaşlı nəslə Ümummilli Liderin nə qədər dərin hörmət və məhəbbət bəslədiyini sübuta yetirir.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə rayon ağsaqallarını bu mühüm hadisə münasibətilə təbrik etdi. Bildirdi ki, milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir. Azərbaycan xalqının bir millət kimi formalaşmasında zəngin mənəvi dəyərlər sistemi mühüm rol oynayıb. Uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiqlik, vətənpərvərlik ruhunda böyüməsi günümüzün əsas çağırışları sırasındandır. Bu dəyərlərin əsas tərkib hissələrindən biri də böyüklərə hörmət və onların təcrübəsindən bəhrələnərək gələcəyə doğru addımlar atmaqdır. Heç şübhə yoxdur ki, Xətai rayon ağsaqqallarının bir araya gələrək fikir mübadiləsi aparmaları üçün yaradılan şərait, eyni zamanda, gənclərin dövlətə bağlılıq ruhunda tərbiyə edilməsində, yad təsirlərdən qorunmasında da öz sözünü deyəcək. Əminik ki, gözəl məkanda yerləşən bu bina yalnız ağsaqqalların deyil, gələcəyimiz olan gənclərin də daha sıx toplaşacağı ünvan olacaq.