“Konstitusiya və Suverenlik ili” çərçivəsində Gənclik parkında ağacəkmə aksiyası təşkil olunub.
05 aprel 2025 | 10:57
05.04.2025-ci il tarixində Xətai rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Gənclik parkında ağacəkmə aksiyası təşkil olunub. Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, rayon idarə-müəssisə kollektivləri, şəhid ailələri və sakinlər iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən əraziyə şam ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
Qeyd edək ki, 2019-cu il noyabrın 11-də ərazisi 43 hektar olan “Gənclik” parkı yeni salınarkən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak etmişlər. Dövlətimizin başçısı bir zamanlar baxımsız olan bu ərazidə abadlaşdırma işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar vermişdi. 2021-ci il avqustun 26-da istifadəyə verilən “Gənclik” parkı insanların rahat istirahət ünvanı olmaqla yanaşı, eyni zamanda, paytaxtın ekoloji mühitinə öz töhfəsini verir.