Korrupsiya ümumbəşəri problem
Xatırlatmaq lazımdır ki, Ümummilli Lider Heydər Əliyev şəffaflığı və maliyyə intizamını, eləcə də korrupsiya hallarına qarşı mübarizəni hüquqi dövlət quruculuğunun vacib şərti hesab edərək dövlət idarəçiliyinin bütün mərhələlərində bu istiqamətdə ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatların reallaşdırılmasını təmin edib. Azərbaycana birinci rəhbərliyi dövründən respublikada mövcud olan bir sıra problemlərin kökünü məhz korrupsiya və rüşvətxorluqda görən, bu sosial bəlalara qarşı barışmaz, qətiyyətli mövqe tutan ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də belə neqativ hallara qarşı mübarizəni xüsusi önə çəkib. Ümummilli liderin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında» 9 avqust 1994-cü il tarixli fərmanında cəmiyyətdə rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılmasının xüsusi narahatlıq doğurduğu vurğulanıb, bu kimi neqativ təzahürlərə qarşı mübarizənin gücləndirilməsi üçün konkret mexanizmlər əksini tapıb.
Prezident İlham Əliyevin 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılıb. Ümumilikdə, ölkə rəhbərinin 28 iyul 2007-ci il tarixli «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə», 2009-cu il 22 iyun tarixli «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarsı mübarizənin gucləndirilməsi haqqında», 13 aprel 2010-cu il tarixli «Sahibkarlıq sahəsində yoxlamaların nizama salinması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» fərmanları ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin ardıcıl xarakter daşıdığını bir daha təsdiqləyib.2007-ci il 28 iyul tarixli «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» çərçivəsində dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi, şəffaflığın artırılması məqsədilə ölkə başçısı 2012-ci il 5 sentyabr tarixdə «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında» sərəncamlar imzalayıb. "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" da bu baxımdan əhəmiyyətli olub. Nəhayət, 2020-ci il 27 fevral tarixində Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda ölkəmizdə şəffaflığın təmin edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, informasiya azadlığı və digər sahələri əhatə edən, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə mühüm vəzifələr müəyyənləşdirilib. Qeyd olunanlar bir daha təsdiqləyir ki, müasir və mükəmməl bir dövlətdə iqtisadi islahatların uğurla aparılmasının, eyni zamanda dövlət idarəçilik sisteminin şəffaf və ədalətli mexanimzlər əsasında qurulmasının ümdə şərtlərindən biridir. Bu reallığı düzgün dəyərləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli tədbirlər idarəetmə sisteminin müasirləşdirilməsini, maliyyə intizamının gücləndirilməsini, eləcə də dövlət büdcəsi vəsaitlərindən səmərəli və məqsədyönlü istifadəni təmin edir.