Mərkəzi Zabitlər evində şəhidlərə həsr olunmuş kitabların təqdimatı keçirilib.
İyunun 8-də H.Aslanov adına Mərkəzi Zabitlər evində şəhidlərə həsr olunmuş kitabların təqdimatı keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Müdafiə Nazirliyinin əməkdaşları, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, H.Aslanov adına Ordu İdeolojı və Mədəniyyət Mərkəzinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
H.Aslanov adına Mərkəzi Zabitlər evində C.Naxçıvanski adına Hərbi Liseyin müəllimi, şair Mətanət İmamquluyevanın, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş üç hərbçimiz - Səbuhi Əhmədovun, Elvin İmaməliyevin və Emin Əmrahovun əziz xatirəsinə həsr olunmuş “Səbuhinin əbədiyyət ömrü”, “Qələmi silaha dəyişən müəllim” və “Eminin şəhidlik zirvəsi” adlı kitabların təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Anar Məmmədov Vətən Müharibəsində əldə olunan böyük zəfərdən danışıb. Bildirib ki, 27 sentyabr 2020-ci il tarixdə Azərbaycanın şəhər və kəndlərinin ağır artilleriyadan bombardmana tutulması Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu "Dəmir yumruq" əməliyyatına başlamasına səbəb oldu. 44 günlük Vətən müharibəsi erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarının darmadağın edilməsi və Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Xalqımız qürur hissi keçirir ki, bu Qələbədə iştirak edən qəhrəmanlarımız unudulmaz tarix yazdılar. Vətən müharibəsinin hər bir iştirakçısı əbədi olaraq qəlbimizdə yaşayacaq.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, qəhrəmanlarımız barədə xatirələri ilə bölüşdülər.
Təqdimat H.Aslanov adına Ordu İdeolojı və Mədəniyyət Mərkəzinin solistlərinn ifasında M.İmamquluyevanın şeirlərinə yazılmış vətənpərvərlik mövzusunda mahnılarla bitdi.