Milli Qəhrəman Rövşən Əliyevin xatirəsi anılıb
İyunun 15-də Bakının Şəhidlər Xiyabanında Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi və Milli Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Rövşən Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayonu İcra hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, müavinləri, Milli Qəhrəman Rövşən Əliyevin bacısı Fəranə Alıyeva, Milli Qəhrəmanların anaları, ailə üzvləri, QHT rəhbərləri, döyüşçülər, qazilər, veteranlar və ziyalılar iştirak ediblər. Mərasimdə şəhidlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub.
Giriş sözü ilə çıxış edən Pənah İmanov qeyd edib ki, Xətai rayonunun sakini olan Rövşən Əliyev 20 yaşında şəhidlik zirvəsinə ucaldığı gündən artıq 30 il keçib. O illərdə şəhid olan minlərlə qəhrəman oğulların qanı yerdə qalmadı. 44 günlük Vətən savaşında gözünü qırpmadan canını fəda edən oğullar atalarının, əmilərinin, babalarının qanını yerdə qoymadılar, onların qisasını aldılar, torpaqlarımızı işğaldan azad etdilər. Bir danılmaz faktdır ki, qələbəmizin qazanılmasında, zəfərimizin çalınmasında 1-ci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən oğullarımızın və şəhidlərimizin də böyük tarixi əməyi var. Bizim şəhidlər öz qanlarıyla tariximizin qızıl səhifəsini yazıblar.
Digər şıxış edənlər Rövşən Əliyevin şücaətindən, qəhrəmanlığından danışıb, Şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını bildiriblər.