Prezident İlham Əliyev Bakıda 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 31 ünvanında yerləşən dördmərtəbəli mərkəzin ümumi sahəsi 4405 kvadratmetrdir. Mərkəz modern və konstruktiv üslubda layihələndirilib, mühəndis sistemləri baxımından ən yüksək tələblərə cavab verir.
Mərkəzdə 120 nəfərə yaxın işçi heyəti çalışacaq və “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü fəaliyyət göstərəcək. Burada gün ərzində 650-700 vətəndaşa xidmətin göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasını şərtləndirən, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək istiqamətində əhəmiyyətli dəyişikliyə səbəb olan DOST konsepsiyası ölkəmizdə həyata keçirilən institusional-struktur islahatlarının mühüm tərkib hissəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi bu gün məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 12 istiqamət üzrə 153 xidmət göstərir. Bu günədək istifadəyə verilmiş DOST mərkəzlərində ümumilikdə 1 milyon 250 mindən çox şəxsə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edir.
Azərbaycan Prezidentinin idarəçilik fəlsəfəsi ilk növbədə sosial dövlət strategiyasına söykənir. Postmüharibə dövründə də sosial sahədə, o cümlədən DOST mərkəzləri vasitəsilə həyata keçirilən tədbirlər dövlətin sosialyönümlü siyasətini nümayiş etdirir.
Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı müasir protezlərlə təmin olunmasına başlanıb. Ötən dövrdə artıq 379 şəxs yüksək texnologiyalı 394 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.
Haqqında məlumat verilən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində isə şəhid ailələri üzvlərinin, müharibə əlillərinin və onların uşaqlarının, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrin sırasından istedadlı şəxslərin müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün imkanlar yaradılıb.
Beləliklə, istifadəyə verilən növbəti DOST Mərkəzi sosial xidmətlər sahəsində daha böyük ərazini və daha çox əhalini əhatə etməklə keyfiyyətli xidmətin coğrafiyasının genişlənməsinə şərait yaradacaq.