Rayon İcra Hakimiyyətinin başçısı 245 saylı məktəbdə sakinlərlə görüşdü
Mayın 11-də 245 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayonun prokuroru Sərdar İmanov YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bu günlərdə 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açaraq bildirib ki, bu gün yaşadığımız müstəqil, azad, firavan və güclü dövlətimizin var olmasına görə hər bir azərbaycan vətəndaşı Heydər Əliyevə böyük minnətdarlıq hissi duyur. Həmçinin icra başçısı qeyd edib ki, Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Artıq Azərbaycan xalqının arzusu yerinə yetib. Hazırda Azərbaycan üçün yeni dövr başlayıb, və bu dövrə ölkəmiz Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla addımlayır. Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Əminik ki, Qarabağın və Zəngəzurun bərpası missiyası da uğurla icra ediləcək. Necə ki, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik.
Daha sonra səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.