Rayon İcra Hakimiyyətinin başçısı 257 saylı məktəbdə sakinlərlə görüşdü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Xətai rayonunda sentyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib. Sakinlərin problem və müraciətlərinin həlli məqsədilə təşkil olunan görüşdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev 257 saylı tam orta məktəbin akt zalında vətəndaşlarla görüşüb. Görüşdə Xətai rayon prokuroru Sərdar İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Bələdiyyə sədrləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndələri və habelə xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə antiterror tədbirləri zamanı şəhid olan və digər bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükütla yad edib, yaralı əsgər və zabitlərimizə Allahdan şəfa diləyiblər.
Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib. İcra başçısı qeyd edib ki, Azərbaycanda həm ölkə başçısının qətiyyəti və iradəsi, təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcuddur, bu amillərin qarşısında durmaq çox çətindir. Bildirilib ki, cənab Prezident xalqımızı bir zəfərdən digərinə aparır, dövlətimiz daha da möhkəmlənir və beynəlxalq nüfuzu artır. Hazırda Azərbaycan üçün yeni dövr başlayıb, və bu dövrə ölkəmiz Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla addımlayır. Bu gün Qarabağ dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Əminik ki, Qarabağın bərpası missiyası da uğurla icra ediləcək. Necə ki, ərazi bütövlüyümüzü bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik.
Daha sonra səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.