“Şahin” hərbi-idman oyununun Xətai rayon mərhələsinə start verilib
16 aprel 2022-ci il tarixində H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq olunmuş əsasnaməyə əsasən gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununun Xətai rayon mərhələsinə start verilib.
Açılış mərasimində YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin müavini, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ideoloji iş və mənəvi-psixoloji təminat şöbəsinin rəisi, polkovnik Dəyanət Allahyarov, Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini Mürvət Əsgərov, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak ediblər. Tədbir iştirakçıları H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin həyətində Ulu Öndərin abidəsini və P.Həşimiv küçəsində Şəhilərin Xatirə Parkında abidə kompleksini siyarət ediblər.
Çıxışlarda “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətindən bəhs olunub. O da bildirilib ki, dünyaya səs salan tarixi Zəfərimiz Azərbaycan gəncliyinin Vətən, torpaq sevgisinin təqdimatıdır. Gənclərimiz torpaqlarımızın azadlığı uğrunda silaha sarılaraq öz canlarından keçdilər, qanları ilə Zəfər tarixini yazdılar.
Cıxışlarda, həmçinin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” fikirinin davamı olaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur” tezisi səsləndirilib. Bildirilib ki, vətənpərvərlik ruhunda keçirilən hər bir tədbir gənclərimizə çağırışdır. Bu gün gənclərimizin hərbi xidmətə böyük əhval-ruhiyyə ilə getmələri də onlarda milli ruhun, vətənpərvərlik ruhunun böyüklüyünü təsdiqləyir. Müasir müstəqil, qalib Azərbaycanın vətəndaşı olmaq bəyük qürur və şərəfdir.
Birincilikdə 37 orta ümumtəhsil məktəbindən 8 və 10-cu sinif şagirdləri iştirak edib.
Qalib komanda Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanacaq.