Şəhid Babək Ramaldanovun atası, rayon Ağsaqqallar Şurasının üzvü Meyvəddin Ramaldanovun 65 illik yubileyi qeyd edilib
28.10.2022-ci ildə Xətai rayon İcra Hakimiyyətində şəhid Babək Ramaldanovun atası, rayon Ağsaqqallar Şurasının üzvü Meyvəddin Ramaldanovun 65 illik yubileyi qeyd edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon prokuroru Sərdar İmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, şəhid Babək Ramaldanovun dayısı, ehtiyatda olan polkovnik Şair Ramaldanov və rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Meyvəddin Ramaldanovu anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edib. Qeyd edib ki, o, bir şəhid atası və ziyalı kimi rayon tədbirlərində, həmçinin rayonun ictimai, mədəni həyatında hər zaman yüksək fəallıqla iştirak edib. Meyvəddin Ramaldanov Yeni Azərbaycan Partiyası yaranan ildən partiyanın fəal üzvü olub və 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Başçı bir daha yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edənlər də Meyvəddin Ramaldanovu təbrik edərək ona xoş və firavan günlər arzu ediblər.
Görüşün sonunda Meyvəddin Ramaldanov göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib.
Yubilyar rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilib, ona xatirə hədiyyəsi təqdim olunub.