Şəhid qazi Elnur Səmədovun 3 mərasimi keçirildi.
22 sentyabr 2022 | 11:36
Mərasimdə Xətai RİH başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, şəhid atası-Xalq artisti Əli Nur, şəhid ataları, qazilər, rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ehtiramlarını bildiriblər.
Çıxış edən Rafiq Quluyev bildirib ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Daha sonra çıxış edənlər- YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digərləri Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Şəhidin yas mərasimi Xətai rayon İcra Hakimiyyəti tərəfindən "Zəm-Zəm" mərasim evində təşkil olunub. Ehsan süfrəsində şəhidlərimizin ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.