Şəhid Səbuhi Əhmədovun ölümündən 40 gün keçir
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhid olmuş qəhrəmanımız Səbuhi Əhmədovun ölümündən 40 gün keçir.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət etmiş, məzarları üzərinə əklil və gül dəstələri qoymuş, ruhuna dualar oxumuşlar.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən bütün şəhidlərimizi dərin ehtiramla yad edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Xalq, ordu və Ali Baş Komandanın birgə mübarizəsi qələbəni şərtləndirən əsas amil oldu. Şəhidlik məqamına yüksələn oğullarımız bizim şərəf və qürur mənbəyimizdir. Onların bu qəhrəmanlıqları əbədi olaraq xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillərə bir örnək olacaqdır. Xalqımız bu oğullarımız ilə fəxr edir.
Daha sonra çıxış edənlər- YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digərləri Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Rayon İcra Hakimiyyəti tərəfindən “Hicaz” mərasim evində şəhidimizin xatirəsinə ehsan süfrəsi təşkil edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!