Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb
Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Xətai rayonundan şəhid olmuş hərbiçimiz Səbuhi Əhmədovun şəhadətinin ildönümündə məzarı ziyarət olunub və ehsan süfrəsi təşkil olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin, Hüquq-mühafizə orqanlarının nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar. İcra başçısı həmçinin qeyd edib ki, Xətai rayonunda yerləşən küçələrdən birinə Səbuhi Əhmədovun adı verilib.
Rayon İcra Hakimiyyəti tərəfindən Şəhidimizin xatirəsinə ehsan süfrəsi təşkil olunub.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!