Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Zəfər gününə həsr olunmuş tədbir keçirildi
05 noyabr 2022 | 19:08
Noyabrın 5-də Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirildi.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən və Xətai RİH-in başçısı Rafiq Quluyevin, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadənin, şəhidlərin ailə üzvlərinin, qazilərin iştirak etdikləri Zəfər tədbirində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Kifayət Bayramova açaraq bildirdi ki, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi: “Ürəklə, qürur hissi ilə deyirik ki, azad edilmiş torpaqlarımızda bu gün bizim tariximiz, mədəniyyətimiz bərpa olunur. Biz bu torpaqları düşməndən azad etməklə, eyni zamanda, milli mədəniyyətimizi, keçmişimizi bərpa etmişik. Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. İnanıram ki, bu kimi tədbirlərin təşkili davamlı olacaq. Biz peşə təhsil mərkəzi olaraq çalışacağıq ki, belə tədbirlərin təşkilində yaxından iştirak edək. Hər birimiz bu gün qürurla deyə bilirik ki, Qarabağ Azərbaycandır!”
Çıxış edən rayon Icra Hakimiyyətinin başçısı Rafiq Quluyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət açdı. Bildirdi ki, Vətən müharibəsində Xətai rayonundan 67 nəfər Vətən oğlu şəhidlik zirvəsinə yüksəlib: “Xalqımız Vətən müharibəsinin başladığını eşidəndə ayağa qalxdı, Ali Baş Komandan İlham Əliyevin və qəhrəman ordumuzun ətrafında sıx birləşdi. Bu amil əsgər və zabitlərimizə yeni ruh verirdi, onlarda düşmənə qarşı nifrət hissini daha da artırırdı. Bunun nəticəsi idi ki, şəhidlərimiz Vətəni hər şeydən üstün tutdular. Hər birimiz onlara borcluyuq. Şəhidlərimizin hər biri canlı tarixdir, Vətəni sevməyin bariz nümunəsidir. Biz Vətəni necə sevmək lazım olduğunu şəhidlərimizdən öyrənməliyik. Şükürlər olsun ki, doğma torpaqlarımızın geri alınmasına nail olduq. Şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Həmçinin şəhidlərimizin ruhu qarşısında baş əyirəm.”
Azad edilmiş torpaqlarımızda həyata keçirilən ən müasir abadlıq-quruculuq işlərindən danışan R.Quluyev Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı dilədi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinə minnətdarlığını ifadə etdi.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirdə çıxış edərək bildirdi ki, Zəfər Günü Azərbaycan tarixinin, xalqımızın taleyində müstəsna rolu, dəyəri və əhəmiyyəti olan bir bayramdır: “Bizim tarixi günlərimiz, möhtəşəm milli, dini bayramlarımız çoxdur. Amma Zəfər bayramı bunların zirvəsində dayanır. Zəfəri bizə bəxş edən bütün şəhidlərimizin müqəddəs ruhları və qazilərimizin qarşısında baş əyirəm. Həmçinin onları böyüdən valideynlərin qarşısında baş əyirəm. Doğrudan da Azərbaycan tarixində müstəsna bir dönüş yarandı. Biz məğlubiyyətdən qalibiyyətə doğru uğurla irəlilədik. Beləliklə, həyatımızın gözəl və qələbələrlə zəngin olan bir dönəminə gəlib çatdıq. Vaxtilə rayonlarımızın işğal tarixini ürək ağrısı ilə xatırlayırdıq. Bu gün isə biz fərəhlə, qürurla həmin rayonların işğaldan azad edilməsini qeyd edirik.”
V.Rəhimzadə bildirdi ki, biz dəfələrlə azad edilmiş rayonlarımıza səfər etmişik: “Bu zaman işğal dövründə Ermənistan ordusu tərəfindən çətin relyefli ərazilərdə qurulmuş güclü istehkamların necə böyük qəhrəmanlıqla darmadağın edilməsinin qalıqlarını öz gözlərimizlə görmüşük. Həmin istehkamları dəf etmək, adlamaq, Şuşanı fəth etmək şanlı Ordumuzun böyük şücaətindən, misilsiz qəhrəmanlığından xəbər verir. Azərbaycan Ordusu şərəflə, ləyaqətlə öz ərazi bütövlüyünü təmin etdi və Zəfərimizi öz imzası ilə, qızıl hərflərlə tarixə yazdı. Zəfər bayramı münasibəti ilə sizlərin hər birinizi səmimi qəlbdən təbrik edirəm. Şəhidlər bizim baş tacımızdır. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm!”
Tədbirin bədii hissəsində əvvəlcə 44 günlük Vətən müharibəsinə həsr olunmuş video-çarx nümayiş etdirildi.
Daha sonra isə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin və S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin biri-birindən maraqlı ifaları təqdim olundu, səhnəcik nümayiş etdirildi.
Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan, yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən Zəfər tədbiri böyük məmnunluq və razılıqla qarşılandı.