Vətən Müharibəsi şəhidi Məhərrəmov Fərid Asif oğlunun anım günündə xatirəsi anılıb
08 fevral 2023-cü ildə Vətən Müharibəsi şəhidi Məhərrəmov Fərid Asif oğlunun anım günü münasibətilə Dədə Qorqud şəhidliyində məzarı ziyarət olunub. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakşıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin ailə üzvləri iştirak ediblər.
Tədbirdə şəhidin qəhrəmanlığından söhbət açılıb və onunla bağlı xatirələr bölüşülüb. Qeyd olunub ki, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın hər biri bir qəhrəmandır və bu gün hər kəs onlarla fəxr edir, qürur duyur. Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Daha sonra 29 saylı tam orta məktəbdə şəhidimizin anım tədbiri keçirilib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsi müdirinin müavini Məhəmməd İbrahimov bildirib ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.