Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Niftalızadə Niyamin Xaliq oğlunun anım günü qeyd olundu

10 oktyabr 2022 | 09:58

9 oktyabr 2022-ci ildə Vətən Müharibəsi şəhidi Niftalızadə Niyamin Xaliq oğlunun anım günü qeyd edilib.

Anım günündə  rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə,  Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə  Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi  xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
Daha sonra çıxış edənlər- YAP Xətai rayon təşkilatının sədri  Vüqar Rəhimzadə və digərləri  Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər. 

Tədbir iştirakşıları həmçinin, II Fəxri Xiyabanda və Dədə Qorqud Şəhidliyində uyuyan digər Vətən övladlarımızın da məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoymuş, onların  ailələri ilə söhbət edərək qayğıları ilə maraqlanmışlar.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər