Vətən Müharibəsi şəhidi Rəfibəyli Əbdülrza Şamməd oğlunun xatirəsi anılıb
Şəhid Rəfibəyli Əbdülrza Şəmməd oğlu 2 iyun 1998 - ci ildə Xətai rayonunda anadan olub. 2004-2015 - ci illərdə N.Nərimanov rayonunda yerləşən Tahir Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 27 iyul 2016 ci ildən 4 yanvar 2018 - ci ilə kimi Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmət edib. Hərbi təlimlərdə döyüş vərdişlərinə yiyələnərək topçu ixtisası üzrə təcrübə qazanıb.
2020-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Tovuz istiqamətində başlayan döyüşlərdə general Polad Həşimovun şəhid olmasından sonra Azərbaycanın vətənpərvər gənclərindən biri kimi Əbdülrza da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə cəbhəyə könüllü getmək üçün müraciət edib. Sentyabrın 21-dən hərbi təlimlərə qatılmışdı. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Qubadlının, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 23-də Əbdülrza Rəfibəyli Xocavənd- Şuşa istiqamətində gedən döyüşlərdə qəhramancasna həlak olub. Şəhid olandan 40 gün sonra nəşi tapılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Hazırda 57 saylı məktəbin sinif otaqlarından biri şəhid Əbdülrza Rəfibəylinin adını daşıyır.
Şəhidimiz dekabrın 4-də Bakının Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.
Doğum günündə şəhidimizin məzarı ziyarət edilib. Daha sonra şəhidin məzun olduğu 57 saylı tam orta məktəbdə xatirə bulağının aşılışı olub. Tədbirdə Milli Məclisin deputatı və sədr müavini Adil Əliyev, Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, şəhidin döyüş yoldaşları, ailə üzvləri və yaxınları iştirak ediblər.
Mərasimdə çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək belə vətənpərvər övlad böyütdükləri üçün onlara dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində Böyük Zəfər qazanması ölkəmizin ərazi bütövlüyünü təmin etdi, xalqımızın milli qürurunu özünə qaytardı. Azərbaycanın həyatında yeni mərhələ açan bu möhtəşəm tarixi Qələbənin qazanılmasında Rəfibəyli Əbdülrza kimi mərd, fədakar, qeyrətli oğullarımızın müstəsna xidmətləri var. Şəhidlik zirvəsinə yüksəlmiş belə oğullarımız əbədiyaşarlıq qazanıblar. Xalqımız,millətimiz, Vətənimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Tədbirdə məktəblilər Vətənə həsr olunan şeirlər və mahnılar səsləndiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!