Vətən Müharibəsi şəhidi Rüstəmov Rövşən Orxan oğlunun doğum günündə xatirəsi anılıb
Vətən Müharibəsi şəhidi Rüstəmov Rövşən Orxan oğlunun doğum günündə xatirəsi anılıb.
Rüstəmov Rövşən Orxan oğlu 1999-cu il aprelin 11-də Bakı şəhərində anadan olub. 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasında xidməti olan Tərlan Əliyarbəyovun nəticəsidir. 2005-2016-cı illərdə Xətai rayonunda 165 nömrəli tam orta məktəbdə təhsil alıb.
Subay idi.
Rövşən Rüstəmov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Rövşən Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Rövşən Rüstəmov oktyabrın 6-da şəhid olub.
Rövşən Rüstəmov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı, "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin doğum günü ilə əlaqədar təhsil aldığı 165 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin döyüş yoldaşları, ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına tər gül-çiçək dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək belə vətənpərvər övlad böyütdükləri üçün onlara dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində Böyük Zəfər qazanması ölkəmizin ərazi bütövlüyünü təmin etdi, xalqımızın milli qürurunu özünə qaytardı. Azərbaycanın həyatında yeni mərhələ açan bu möhtəşəm tarixi Qələbənin qazanılmasında Rövşən Rüstəmov kimi mərd, fədakar, qeyrətli oğullarımızın müstəsna xidmətləri var. Şəhidlik zirvəsinə yüksəlmiş belə oğullarımız əbədiyaşarlıq qazanıblar. Xalqımız,millətimiz, Vətənimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!