Vətən Müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun anım günü qeyd olunub
22 yanvar 2024-cü ildə Vətən Müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun xatirəsi anılıb. Anım günündə II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Adil Əliyev, şəhid ataları, şəhidin döyüş yoldaşları, ailəsi və yaxınları iştirak ediblər. Tədbir iştirakçıları şəhidin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidin ailə üzvlərinə və yaxınlarına Allahdan səbir diləyib və bildirib ki, şəhidlərin qanı yerdə qalmayıb. Azərbaycanın qəhrəman ordusu onların qisasına layiqincə alıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu vurğulayıb.