Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun xatirəsi yad edildi

15 iyun 2023 | 13:14

İyunun 14-də İkinci Fəxri xiyabanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu, Bakının Xətai rayonundan olan şəhid leytenant Elvin Azad oğlu Şükürlünün doğum günü ilə bağlı xatirə tədbiri keçirildi.

Müdafiə Nazirliyinin əməkdaşları, Xətai rayon ictimaiyyətinin nümayəndələri, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları, Elvin Şükürlünün xidmət etdiyi hərbi hissənin zabitləri və ailə üzvləri qəhrəman şəhidin məzarını ziyarət etdilər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış edərək E.Şükürlünün şərəfli həyat və xidmət yolu barədə ətraflı məlumat verdi. O, ölkəmizdə şəhidlərin xatirəsinin əziz tutulduğunu, şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini vurğuladı.

Nəzərə çatdırıldı ki, əslən Cəlilabad rayonunun Şiləvəngə kəndindən olan Elvin Şükürlü 1997-ci ildə Füzuli rayonunda hərbi qulluqçu ailəsində doğulub. Atası Azad Şükürlü Azərbaycan Ordusunun ilk zabitlərindəndir. Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə 1994-cü ildə Füzuli və Cəbrayıl rayonlarının 22 yaşayış məntəqəsinin, o cümlədən indiki Horadiz şəhərinin işğaldan azad edilməsi ilə nəticələnən tarixi “Horadiz əməliyyatı”nın fəal iştirakçılarından biri, ehtiyatda olan kapitandır.

A.Şükürlünün hər iki oğlu, Elnur və Elvin də atalarının yolunu seçərək öz talelərini Vətənə xidmət peşəsinə bağlayıblar. Hər iki qardaş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Elvin həm də Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunu olub. Vətən müharibəsinin ilk günündən qardaşlar Daşkəsən istiqamətində qələbə əzmi ilə hərbi əməliyyatlara qatılaraq Ermənistanın silahlı bölmələrinə qarşı mərdliklə vuruşublar. Elvin sentyabrın 28-də Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Çıxış edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Vətən üçün igid zabitlər tərbiyə etdiklərinə görə şəhidin valideynlərinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, şəhidlərimizin yaxınları üçün ən böyük təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər: “Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi, eyni zamanda, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı.”

Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Həbib Məmmədov çıxış edərək bildirdi ki, biz vahid amal uğrunda birləşərək ölkəmizi daha da gücləndirmişik, müstəqilliyimizi möhkəmləndirərək öz ərazi bütövlüyümüzü bərpa etmişik. O, Azərbaycan əsgərinin bu gün də Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayandığını, Müzəffər Ali Baş Komandanın istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadir olduğunu, şəhidlərin intiqamının layiqincə alındığını bildirdi.

Horadiz əməliyyatı zamanı Füzuli döyüş briqadası komandirinin müavini, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov çıxışında ölkəmizdə şəhidlərin xatirəsinə və şəhid ailələrinə göstərilən ehtiram, diqqət və qayğı üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin və Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür etdi.

Çıxış edən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova bildirdi ki, Vətən müharibəsi xalqımızın kimliyini, Azərbaycan dövlətinin gücünü təsdiqlədi, nüfuzunu artırdı: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfər heç vaxt unudulmayacaq.”

Tədbirdə, həmçinin Xətai rayonundan olan, Vətən müharibəsi zamanı Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun da qəhrəmanlığından geniş danışıldı, xatirəsi ehtiramla yad edildi.

Sonda çıxış edən polkovnik Mirqiyas Rüstəmov şəhidlərlə bağlı xatirələrini bölüşərək onların yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərə malik zabitlər olduqlarını vurğuladı, valideynlərinə və ailə üzvlərinə minnətdarlıq bildirdi.

Tədbir iştirakçıları şəhidin məzarı önünə çələng və güllər düzərək xatirəsini ehtiramla yad etdilər. Din xadiminin şəhidlərin ruhuna oxuduğu dualarla xatirə tədbiri sona yetdi. Həmçinin İkinci Fəxri xiyabanda şəhidin xatirəsinə ehsan süfrəsi təşkil edildi.

Keçidlər