Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidli  Eyvazov Əbülhəsən Balaş oğlunun anım günü qeyd edilib

01 noyabr 2022 | 14:57

1 noyabr 2022-ci ildə Vətən Müharibəsi şəhidli  Eyvazov Əbülhəsən Balaş oğlunun şəhadətinin ikinci ildönümü qeyd edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri Dədə Qorqud Şəhidliyinə gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarımızın məzarlarını ziyarət etmiş, məzarları üzərinə əklil və gül dəstələri qoymuş, onların ailələri ilə söhbət edərək qayğıları ilə maraqlanmışlar.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.

Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən bütün şəhidlərimizi dərin ehtiramla yad edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Xalq, ordu və Ali Baş Komandanın birgə mübarizəsi qələbəni şərtləndirən əsas amil oldu. Şəhidlik məqamına yüksələn oğullarımız bizim şərəf və qürur mənbəyimizdir. Onların bu qəhrəmanlıqları əbədi olaraq xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillərə bir örnək olacaqdır. Xalqımız bu oğullarımız ilə fəxr edir.
Daha sonra çıxış edənlər- YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digərləri Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Rayon İcra Hakimiyyəti tərəfindən “Arzu” mərasim evində şəhidimizin xatirəsinə ehsan süfrəsi təşkil edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər