Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai İcra Hakimiyyətində 2 fevral-Gənclər Günü münasibətilə rayon gəncləri ilə görüş keçirildi

02 fevral 2023 | 13:20

Fevralın 2-də Xətai Rayon İcra Hakimiyyətində “Heydər Əliyev İli” çərçivəsində  2 Fevral – Gənclər Gününə həsr olunmuş  tədbir keçirildi. Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin büstü önünə qızıl gül dəstələri düzdülər.

Tədbiri  ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə açan  Xətai  Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev dövlətin gənclərimizə diqqət və qayğısından geniş bəhs etdi: “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər Heydər Əliyev  hakimiyyətinin hər iki dövründə gənc nəslə böyük qayğı ilə yanaşıb.  Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışından sonra  gənc nəslə diqqətin göstərilməsi  dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Dahi şəxsiyyətin gənclərlə bağlı imzaladığı sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.” Rafiq Quluyev hər bir ölkənin inkişafında başlıca amil olan təhsilin dövlət siyasətinin əsası olduğunu xüsusi qeyd etdi: “Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək  yüksək ixtisaslı kadrların yetişdirilməsi məqsədilə minlərlə Azərbaycan gəncini keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərmişdi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra da bu ənənə uğurla davam etdirildi. Gənclərimizin xaricdə təhsilinin mühüm məqsədlərindən biri də onların həmin ölkələrdə Azərbaycanın təbliğatçıları olmalarıdır.” “Son 19 ildən artıq dövrdə ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərə qayğısı sistemli xarakter daşıyır” söyləyən Rafiq Quluyev onu da əlavə etdi ki, Ümummilli Liderin azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşmə ilə bağlı çağırışı bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz  gənclərimizin  torpaq, Vətən sevgilərini bir daha nümayiş etdirdi. Bu gün hansı sahəyə diqqət yetirsək gənclərimizin fəallığını görür və bundan böyük qürur hissi keçiririk. Tarixi missiyanı uğurla həyata keçirən  qəhrəman gənclərimiz xalq, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.”

  YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında gənclərimizi 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzuladı. Vüqar Rəhimzadə qeyd etdi ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda ulu öndər  Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Ümummilli Liderin  1997-ci ildə imzaladığı  Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.  YAP Xətai rayon təşkilatının sədri son iki ildə bütün bayramlarımızın Zəfər ruhunda qeyd edildiyini böyük qürur hissi ilə vurğuladı: “Bu gün hər bir gəncimiz müasir müstəqil, qalib Azərbaycanı təmsil etdikləri üçün xoşbəxtdirlər. Keçirilən idman yarışlarında qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması Azərbaycan gəncinin ölkəmizin təqdimatına böyük töhfəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində “Vətəndən pay olmaz” deyib silaha sarılan gənclərimiz nə qədər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunduqlarını nümayiş etdirdilər. Gənclərimizin şücaəti, qəhrəmanlığı ilə qürur duyuruq. Gənclərimiz qanları, canları ilə tariximizin Zəfər səhifəsini yazdılar. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayırlar. Azərbaycan gəncləri müstəqil, azad,  sabit,  özünə güvənən, dünyada böyük nüfuz qazanan, etibar olunan ölkədə yaşayırlar. Gənclər öz gələcək həyat yolunu düzgün müəyyən etmək, dövlətimizin maraqlarını qorumaq və ölkəmizin daha da qüdrətlənməsi üçün fəal olmalıdırlar.”

 Şəhid, polkovnik-leytenant Babək Ramaldarovun atası Meyvəddin  Ramaldarov və şəhid Rüfət Əsgərovun atası Mürvət Əsgərov gənclərimizin Vətən, torpaq sevgisindən geniş bəhs etdilər. Gənclərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük inamla addımlayırlar. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

 Şəhid Kəmaləddin Məmmədovun bacısı Ülkər Məmmədzadə gənclərimizin Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz töhfələrini vermələri üçün səylərini artırdıqlarını bildirdi.

 Paralimpiya çempionu Ramin İbrahimov gənclərimizin beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmasının yaratdığı qürurdan geniş bəhs etdi.

 Tədbirdə digər çıxışlarda ümumi fikir bu oldu ki, gənclərimiz dövlətin onlara diqqət və qayğısını öz potensial imkanlarından maksimum istifadə edərək dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməklə cavablandırırlar.

 Sonda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyəti və 2 Fevral - Gənclər Günü münasibətilə  bir qrup gəncə Fəxri Fərman, həmçinin Xətai Rayon İcra Hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətini müvəffəqiyyətlə başa vuran bir qrup gəncə  sertifikatlar təqdim edildi.

Keçidlər