Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində 20 yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar şəhid ailələri ilə görüş keçirildi

19 yanvar 2024 | 16:50

Müstəqillik tariximizə şərəfli  bir gün kimi yazılan 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib.Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin atası Asəm İbrahimli və aparat şöbə müdirləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev  çıxış edərək bildirib ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiyməti isə yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vermək mümkün olub. Faciədə şəhid olanların ailə üzvlərinin və əlil olanların sosial müdafiəsi gücləndirilib. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rafiq Quluyev qeyd edib ki, Qanlı Yanvar hadisələrinin 34-cü ildönümünü qeyd edərkən arxada qalan tarixi unutmadan bugünkü zəfərimizlə qürur duyuruq. Ötən əsrin sonunda təklənərək haqqı tapdanan, övladları şəhid edilən Azərbaycan bu gün tək regionun deyil, bütövlükdə beynəlxalq arenanın qüdrətli dövlətinə çevrilib. Azərbaycan dövlətinin əldə etdiyi uğur, sahib olduğu zirvə və tariximizə qızıl hərflərlə yazılan Zəfər salnaməsi həm 20 Yanvar, həm də ondan sonrakı illərdə canını Vətən uğrunda fəda edən şəhidlərimizin ruhunu şad edir. Əldə etdiyimiz bütün uğurların başlanğıcı həmin gün tankların qarşısında öz dəyanətini nümayiş etdirən igidlərimizin qəhrəmanlığı ilə qoyulub. Buna görə də yüz illər keçsə belə, nə həmin ağrılı-acılı hadisələr, nə də şəhidlərin müqəddəs xatirəsi heç zaman unudulmayacaq.

YAP Xətai rayon təşkilatının sədri,  Vüqar Rəhimzadə  isə əlavə edib ki, tariximizin qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya xalqımızın qəhrəmanlıgının, azadlıq ugrunda mübarizliyinin və sarsılmazlıgının şahidi olub.
Tədbirdə qeyd olunub ki,  rayon ərazisində yaşayan şəhid ailələri və əlillərin dövlət qaygısı ilə əhatə olunması daim diqqətdə saxlanılır, ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə baglı konkret tədbirlər həyata keçirilir.

Tədbirin sonunda 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə ərzaq bağlamaları verilib. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə   razılıqlarını bildirmişlər.

Keçidlər