Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində "22 İyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə dəyirmi masa keçirilib

19 iyul 2024 | 15:28

Xətai rayon İcra Hakimiyyətində "22 İyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və mətbuat nümayəndələri iştirak ediblər.

Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, 149 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Rayon icra hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən R.Quluyev Vətən müharibəsində Azərbaycanın apardığı haqlı müharibəni və Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şanlı qələbəsini, xalq-ordu birliyini, eyni zamanda ölkə rəhbərinin apardığı daxili və xarici siyasətini mətbuat nümayəndələrinin ətralı işıqlandırdıqlarını qeyd edib.Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Bu gün də Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazası gücləndirilir, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Natiq vurğulayıb ki, mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılır. 

Mətbuat işçiləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.

Keçidlər