Xətai rayon İcra Hakimiyyətində etik davranış və korrupsiyaya qarşı mübarizə mövzusunda iclas keçirilib
8 dekabr 2025-ci il tarixində Xətai rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “Dövlət qulluqçularının etik davranışı – korrupsiyaya qarşı mübarizədə əsas alətlərdən biri kimi” mövzusunda iclas keçirilib.
İclas Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Planının 5.1-ci bəndinin icrası çərçivəsində təşkil olunub.
Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri, etik müvəkkil Teymur Əzizov çıxış edərək bildirib ki, dövlət qulluqçularının xidməti davranışı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və hər bir dövlət qulluqçusu bu qanunun tələblərinə əməl etməyə borcludur.
Qeyd olunub ki, dövlət qulluqçuları vəzifə səlahiyyətlərini həyata keçirərkən qanunçuluq, obyektivlik, məsuliyyət, etik davranış, eləcə də vətəndaşlarla səmimi və ədalətli münasibət prinsiplərinə riayət etməlidirlər.
İclasda vurğulanıb ki, korrupsiyaya qarşı mübarizə dövlət idarəçiliyinin əsas prioritet istiqamətlərindən biridir. Milli Fəaliyyət Planı çərçivəsində dövlət qurumlarında şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Tədbir zamanı korrupsiya anlayışı, bu sahədə hüquqpozmaların subyektləri və növləri, hüquqi məsuliyyət, beynəlxalq təcrübə, həmçinin korrupsiyaya qarşı mübarizə üsul və vasitələri barədə ətraflı məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.






