Xətai rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN könüllüləri"nə sertifikatlar təqdim olunub
11 oktyabr 2022-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN könüllüləri"nə sertifikatlar təqdim olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xəti rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, 6 saylı Bakı "Asan xidmət" mərkəzinin direktoru Murad Əlizadə, Aparatın rəhbər işçiləri və könüllülər iştirak ediblər. İlk öncə torpaqlarımızın azadlığı üğrinda canından keçən igid Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Rafiq Quluyev qeyd edib ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Prezident İlham Əliyev də bu meyarları rəhbər tutaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, onların güclü, savadlı, vətənpərvər gənclər kimi yetişərək ölkənin həyatında aparıcı qüvvəyə çevrilməsi istiqamətində bir sıra mühüm Dövlət Proqramları həyata keçirilir. Dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsi xüsusi önəm daşıyır. Daha sonra İcra başçısı gəncləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, vətənpərvər olmağı və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etməyi tövsiyə edib.
YAP Xəti rayon Təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, dövlətin yaratdığı imkan və şərait sayəsində təhsil alan gənc ictimai faydalı işlə məşğul olaraq təcrübə keçdiyi quruma öz töhfəsini verir, digər tərəfdən təcrübə keçdiyi dövlət qurumunda iş həyatı ilə tanış olur, məsuliyyət, işdə daxili nizam-intizam qaydalarını öyrənir və bütün bunlara özləri də riayət edirlər. Könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində mühüm rol oynayır.
Könüllülər çıxış edərək Xətai rayon İcra Hakimiyyətində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirib, bu təcrübənin onların gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Sonda könüllülərə Sertifikatlar təqdim olunub.