Xətai rayon İcra Hakimiyyətində Yaponiyanın “Kosugi Zohen” rəhbəri ilə görüş keçirildi
Azərbaycanda səfərdə olan Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış məşhur “KOSUQİ-Zohen” şirkətinin rəhbəri Saki Kosuqi və həmin şirkətin meneceri Andreas Hamaçer ilə rayon İcra Hakimiyyətində görüş keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, aparatın məsul şəxsləri iştirak ediblər. Görüş zamanı Azərbaycan-Yaponiya dostluq münasibətləri çərçivəsində iş birliyinin davam etdirilməsi müzakirə edilib.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Yaponiya – Azərbaycan diplomatik əlaqələrinin 30-illiyindən, 44 günlük Vətən Müharibəsində əldə olunan Böyük Zəfərdən, işğaldan azad olunmuş ərazilərdə gedən yenidənqurma və bərpa işlərindən danışdı.
Yapon nümayəndə heyətinin rəhbəri Saki Kosuqi hər dəfə Azərbaycanda, Bakıda, o cümlədən Xətai rayonunda olmaqdan şad olduğunu bildirdi. Lakin padnemiya səbəbindən təxminən 2 ildir Azərbaycana gələ bilmədiyini qeyd edən qonaq Yapon bağının məhz Xətai rayonundakı öz gözəlliyi ilə seçilən, əhalinin daha çox üstünlük verdiyi istirahət məkanı olan, Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan Heydər Əliyev parkında olması onu çox sevindirir. Çünki məhz bu dahi şəxsiyyətə olan böyük sevgi və parkın füsünkarlığı Yapon mədəniyyətini özündə əks etdirən Yapon bağının məhz həmin ərazidə salınmasına səbəb olmuşdur. Həmçinin bağın yüksək səviyyədə qorunub saxlanılmasından məmnun olduğunu vurğuladı. Eləcə də növbəti Azərbaycana gəlişi zamanı Qarabağa, Şuşaya səfər etmək arzusunda olduğunu bildirdi.
Görüşün sonunda qonaqlara hədiyyyələr təqdim olundu, xatirə şəkilləri çəkdirildi.